Heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirləri yekunlaşır
2022-12-23 00:00:00
Müvafiq qaydada təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq, ölkə ərazisində iri və xırdabuynuzlu və təkdırnaqlı heyvanların, həmçinin donuz və dəvələrin qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirləri başa çatmaq üzrədir. Hazırda ölkə ərazisində bu xəstəliyə qarşı epizootik vəziyyət sabitdir.
Bildiririk ki, qarayara ev heyvanları, vəhşi heyvanlar və insanlar üçün təhlükəli olan bakteriya mənşəli xəstəlikdir. Xəstəliyə gövşəyən heyvanlar yırtıcılara nisbətən daha həssasdır. Xəstəliyin törədicisi həssas orqanizmə alimentar (qidalanma yolu) yol ilə, zədələnmiş selikli qişasından və ya dəridən keçir. Xəstəliyin mənbəyi əsasən bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik törədicilərinin sporları ətraf mühit şəraitinə və dezinfeksiyaya maddələrinə qarşı davamlı olmaqla torpaqda on illərlə qala bilir. Leşyeyən quşlar qarayaraya yoluxmuş cəsədləri yeyib bir sahədən digərinə yaya bilərlər. Yoluxmuş heyvanların qurudulmuş və ya digər yollarla işlənilmiş dəri və gönləri illərlə sporların yaşaması üçün əlverişli yer olduğundan bu xəstəliyin yayılmasına səbəb ola bilər. Qarayaraya şübhəli cəsədləri yarmaq qadağandır. Heyvan cəsədinin yarılması törədicilərin yayılmasına gətirib çıxarır və yaran şəxs üçün xəstəliyə yoluxma səbəbi ola bilər. Xəstəliyin diaqnozu təsdiqləndikdən sonra təcili olaraq karantin elan edilir və mövcud baytarlıq qaydalarına əsasən müvafiq tədbirlər həyata keçirilir. Qarayara əleyhinə vaksinasiya hazırda "Ştam-55" əsasında hazırlanmış peyvənd vasitəsi ilə aparılır. İnəklər, qoyunlar, keçilər, atlar və dəvələr ildə bir dəfə peyvənd edilir, epizootik durum gərginləşərsə, bütün kliniki sağlam heyvanlarda təlimat əsasında təkrar peyvəndləmə aparılmalıdır. Heyvan tələf olduqda isə onun cəmdəyi təcrid olunur və səlahiyyətli baytar həkiminin göstərişi ilə təlimat əsasında müvafiq üsullarla məhv edilir. Xəstəliyə şübhəli heyvanlara hiperimmun serum və ya immonoqlobulinlə yanaşı, antibiotik və simptomatik müalicə vasitələri tətbiq edilməlidir. Karbunkul və ya şiş olduqda həmin nahiyənin ətrafına da serum vurulmalıdır. Hiperimmun serum və immunoqlobulin təlimata uyğun istifadə edilməlidir.
Xəbərlər