“Pomidor qəhvəyi qırışıq meyvə virusu (Tomato brown rugose fruit virus)” mövzusu üzrə təlim keçirilmişdir
2021-05-24 00:00:00
Aqrar Xidmətlər Agentliyində (AXA) fitosanitar sahədə zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının, yayılmasının və məskunlaşmasının qarşısının alınmasına yönəldilmiş preventiv tədbirlərin, o cümlədən pomidor qəhvəyi qırışıq meyvə virusunun biologiyası, zərərvericiliyi və yayılması yolları barədə təlim keçirilib.
Təlimdə Agentliyin Fitosanitar və aqrokimyəvi xidmətlərin tənzimlənməsi şöbəsinin, Respublika Bitki Mühafizəsi Mərkəzinin və yerli qurumların mütəxəssislərindən ibarət 30 nəfər iştirak edib.
AXA-nın mütəxəssisləri tərəfindən “Fitosanitar vəziyyətin qiymətləndirilməsi və zərərli orqanizmlərə qarşı mübarizə işinin təşkili”, “Pomidor qəhvəyi qırışıq meyvə virusunun biologiyası, simptomları, yayılması yolları və qabaqlayıcı mübarizə tədbirləri” barədə təlim iştirakçılarına ətraflı məlumat verilib.
Yekunda mövzu üzrə iştirakçıların sualları cavablandırılmış və bu barədə fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, “Pomidor qəhvəyi qırışıq meyvə virusu (Tomato brown rugose fruit virus)” respublikamızda yayılmamışdır.
Xəstəlik törədiciləri əsasən pomidor və bibər bitkisinə zərər verir, yarpaqlarda alabəzək mozaika, yarpaqların deformasiyası və nekrozu, meyvələrin rənginin dəyişməsi, çiçəklərin, kasa yarpaqlarının qurumasına səbəb olur.