Bölgələrdə taxıl biçininə hazırlıqla bağlı mexanizatorlar maarifləndirilir
2022-06-03 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Dövlət Texniki Nəzarət üzrə mütəxəssisləri tərəfindən Aqroservis ASC-nin Siyəzən, Şabran, Bərdə, Quba, Ağdam, Tovuz və Xaçmaz rayon bölmələrində mexanizatorlara taxıl biçininə hazırlıqla bağlı “Taxıl biçən kombaynların biçinə hazırlanması və texniki təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib.
Təlimdə kənd təsərrüfatI texnikalarının istismar qaydalarına riayət edilməsi, dövlət qeydiyyatına alınmayan texnikaların dövlət qeydiyyatına alınması texniki baxışdan keçməyən texnikaların istismarının qadağan olunması və məhsulun yığımı, daşınması və biçin vaxtı texniki təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı texnika istifadəçilərinə ətraflı məlumatlar verilib və bukletlər paylanılıb.
Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Nümunəvi Əsasnamənin 1.4-cü bəndinə əsasən Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin traktorları, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən bütün mexaniki nəqliyyat vasitələri və qoşquları (yarımqoşquları) dövlət texniki baxışına ildə bir dəfə təqdim edilməlidir. Fiziki və hüquqi şəxslərə məxsus nəqliyyat vasitələri və onların qoşquları dövlət qeydiyyatına alınmadan və texniki baxışdan keçmədən istismar olunarsa texnika istifadəçiləri inzibati məsuliyyət daşıyırlar.
Aqrar Xidmətlər Agentliyi texnika istifadəçilərini yol hərəkəti qaydalarına riayət etməyə çağırır. Bölgələrdə maarifləndirmə işləri davam etdirilir