Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri davam etdirilir
2022-08-15 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən Abşeron və Lənkəran rayonlarında amerika ağ kəpənəyinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirlərinə davam etdirilir.
Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində 1359 hektar ərazidə zərərvericiyə qarşı fitosanitar müşahidə aparılıb, 35 hektar sahədə sirayətlənmə qeydə alınıb və 30 hektar ərazidə mexaniki mübarizə tədbirləri həyata keçirilib. Həmçinin Lənkəran rayonu ərazisində 325 hektar ərazidə müşahidə, 150 hektar ərazidə sirayətlənmə, 105 hektar ərazidə mübarizə işləri aparılıb. Respublika üzrə ümumilikdə, 5031 hektarda müşahidə, 2440 hektarda sirayətlənmə, 1843 hektarda mübarizə tədbirləri həyata kecirilib. Mexaniki mübarizə zamanı ağacların zərərverici ilə sirayətlənmiş budaqları budanmaqla sahədən kənara çıxırılıb və yandırılma yolu ilə məhv edilib.
Qeyd edək ki, Amerika ağ kəpənəyinin tırtırları tərəfindən yarpaqların yeyilməsi bitkilərin zəifləməsinə, çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayında, ikinci nəslin uçması isə iyulun əvvəllərində baş verir.
Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır.
Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir. Payızda gövdəətrafı və cərgəaralarında torpaq şumlanmalıdır. Zərərverici əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə, yüksək səmərə əldə etmək olar.
Bildiririk ki, bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda təcili olaraq AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir.
Bölgələrdə Amerika ağ kəpənəyinə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.