Bölgələrdə təlimlər davam etdirilir
2022-04-01 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin və Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən növbəti təlim Samux və Tərtər rayonlarında keçirilib.
Təlimdə Aqrar Təlim Mərkəzinin, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin, yerli qurumların nümayəndələri, Aqrar Təlim Mərkəzlərinin və Dövlət Aqrar İnkişaf mərkəzinin mütəxəssisləri, eləcə də taxılçılıqla məşğul olan 35-dən çox fermer iştirak edib.
Mütəxəssislər tərəfindən iştirakçılara yaz tarla işlərinin başlanması ilə əlaqədar payızlıq taxıl əkinlərində görüləcək işlər, o cümlədən taxıl sahələrində yayılan alaq otlarının növləri, zərərləri, mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması, tətbiq olunan yüksək keyfiyyətli herbisidlər və onlardan istifadə qaydaları, eləcə də pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması barədə ətraflı məlumatlar və müvafiq tövsiyələr verilib.
Sonda təlim iştirakçıları tərəfindən hər iki rayonda seçilmiş nümayiş məqsədilə 4 ha payızlıq taxıl sahələrinə baxış keçirilib. Sahənin əsasən vələmir, qanqal, turpəng və digər alaqlarla sirayətlənməsi müəyyən olunub. Aqrar Təlim Mərkəzinin mütəxəssislərinin təşkilatçılığı ilə təlim iştirakçılarına sirayətlənmiş sahədə alaqlara qarşı mübarizə tədbirləri həyata keçirilib. Həmçinin təlim ehtiyaclarının müəyyənləşdirilməsi və növbəti təlimlərin təşkilinə dair məsələlər müzakirə olunub.
Təlimdə fermerləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb və fikir mübadiləsi aparılıb. Bu sahə üzrə təlimlər respublikanın digər rayonlarında da davam etdirilir.