Zaqatalada dabağa qarşı profilaktik peyvəndləmə tədbirləri davam etdirilir
2020-04-14 00:00:00
Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini plana uyğun şəkildə davam etdirir. Hazırda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, cari ildə bütün ölkədə olduğu Zaqatala rayonunda da heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Yanvar ayından bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 37436 baş iribuynuzlu, 2020 baş təkdırnaqlı heyvanda qarayara, 238 baş iribuynuzlu heyvanda bruselyoz, 2622 baş itdə və 4900 baş vəhşi heyvanlar arasında oral yolla quduzluq, 35482 baş körpə cücələrdə (“La-sota” ştammı ilə), 20242 baş ev quşlarında nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Aprel ayının ilk günlərindən isə Zaqatala Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı idarəyə daxil olmuş dabaq vaksininin bölgüsü başa çatdırılıb və 6632 baş heyvanda peyvəndləmə tədbiri aparılıb.
Həmçinin ilin əvvəlindən indiyədək 19194 kvadratmetr ərazidə profilaktik, 400 kvadratmetr ərazidə isə məcburi dezinseksiya işləri aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, heyvanlara tətbiq edilən vaksinlər əvvəlki illərdən fərqli olaraq orqanik, yağ tərkibli olmaqla, immunitetin gərginliyi daha 2 ay artıq olur. Heyvanlara tətbiq edilən vaksin kimyəvi tərkibli olmadığından məhsulda (süddə) heç bir zəhərlənmə yaratmır.
Məlumat üçün bildiririk ki, tədbir aparan mütəxəssislər xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə tədbirləri yerinə yetirirlər. Tədbir aparılan ərazi kimyəvi maddələrlə dezinfeksiya olunur. Tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Tədbirlər heyvan saxlanan tövlələrdə və ya çardaqlarda (talvarlarda) aparılır. Tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmurlar. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda dabaq xəstəliyinə qarşı peyvənd edirlər. Həmçinin peyvəndləmədən sonra dezinfeksiya işləri aparılır. Görülən işlərlə yanaşı baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.
Bununla yanaşı, regionlarda heyvanlar arasında çətin doğuş, doğuşdan sonra parez xəstəliyi, mastit, gözün selikli qişasının iltihabı (konyuktivit), vitamin çatışmazlığı (avitaminoz) və sair bu kimi xəstəliklər baş verən zaman baytar mütəxəssisləri heyvan sahibləri ilə 2 m məsafə gözlənilməklə təmasda olurlar. Həmin xəstəliklərə qarşı müalicə işləri aparılarkən baytarlıq- sanitariya tələblərinə ciddi riayət olunur.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfatlarında saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edərlərsə rayon (şəhər) baytarlıq idarələrinə müraciət etsinlər. Həmçinin təsərrüfatlarında dabağın baş verməməsi üçün baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunsun.
Hazırda xüsusi təhlükəli xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.