Kolorado kartof böcəyinə qarşı mübarizə tədbirləri
2024-05-02 00:00:00
Bu böcək kartof bitkisinin ən təhlükəli zərərvericisi olub çox geniş yayılmışdır. Zərərvericiyə respublikanın kartof becərilən bütün bölgələrində rast gəlinir. Kolorado böcəyi il ərzində mülayim iqlim şəraitində 1-2, isti iqlimə malik rayonlarda isə 2-3 nəsil verir. Vegetasiya dövrü ərzində zərərvericinin eyni vaxtda bütün inkişaf mərhələlərini- imaqo (yetkin), yumurta,sürfələrinə rast gəlmək olur. Bitkiyə ən çox cavan böcəklər və birinci nəslin 3-4 yaşlı sürfələri ziyan vurur. Onlar yarpaq səthinin 90%-ə qədərini zədələyə bilir. Zərərvericinin təsirindən məhsuldarlıq kəskin aşağı düşür.
Kolorado böcəyinin yetkin fərdləri torpağın 20-40 sm dərinliyində qışlayır. Havanın orta günlük temperaturu 150C-yə çatdıqda qışlamış böcəklər torpaq səthinə qalxır (kartof cücərtilərinin əmələ gəlməsi ilə eyni vaxtda) və qidalanmağa başlayırlar. Sahədə böcəklərin maksimal sayı bitkinin qönçələmə - çiçəkləmə dövrünə təsadüf edir. Bunu nəzərə alaraq zərərvericinin birinci nəslinin kütləvi inkişaf dövründə mübarizənin aparılması vacib hesab olunur. 140C-dən aşağı teperatur şəraitində zərərvericinin inkişafı zəifləyir, 380C-dən yuxarı temperatur şəraitində isə yumurta və sürfələr kütləvi şəkildə məhv olmağa başlayır. Zərərvericinin normal inkişafı üçün optimal temperatur 24-260C, nisbi rütubət 60-75% tələb olunur.
Mübarizə tədbirləri:
Aqrotexniki mübarizə:
- Məhsul yığımından sonra sahəni dərin şumlamaq;
- Sahəni bitki qalıqlarından təmizləmək;
- Böcək və sürfələri əllə yığaraq məhv etmək;
- Məhsul yığımına bir neçə gün qalmış yaşıl kütləni biçilərək sahədən çıxarmaq.
Kimyəvi mübarizə:
- İmidacloprid, alpha cypermethrin, thiamethoxam, Lambda- cyhalothrin,Deltamethrin və s. tərkibli preparatlardan istifadə etmək tövsiyə olunur.
Bioloji mübarizə:
- Şəxsi təsərrüfatlarda kartof əkinlərinin kənarına və ya cərgə aralarına , şüyüd, sarımsaq, paxlalı bitkilərin əkilməsi yaxşı nəticə göstərir. Bitoksibatsillin , Bikol, Fitovem, Aqrovertin, Boverin və s. tərkibli biopreparatlar zərərvericinin əsasən cavan sürfələrini məhv etmək üçün istifadə olunur.