Heyvanlarda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbiri davam etdirilir
2020-05-22 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, hazırda respublika ərazisində xüsusi təhlükəli xəstəliklərdən olan iribuynuzlu heyvanların yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbiri həyata keçirilir. Bu məqsədlə rayon(şəhər) baytarlıq idarələrinə nodulyar dermatit xəstəliyinə qarşı 24871500 doza miqdarında vaksin göndərilib və car ilin 4 ayı ərzində 141366 baş cavan iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb. Hal-hazırda profilaktik peyvəndləmə tədbiri davam etdirilir.
Qeyd edək ki, infeksion nodulyar dermatit iribuynuzlu heyvanların xüsusi təhlükəli virus xəstəliyidir. Xəstəliyin iti forması ilk dövrlərdə isitmə (bədən hərarəti 40°C qədər artır), iştahanın zəifləməsi, gözdən yaş axması ilə, burunun selikli qişasından axıntılarla müşayiət olunur. Xəstəliyin 48-ci saatından sonra dəri üzərində 0,2-5 sm ölçüdə girdə formalı səpgilər əmələ gəlir. Dərialtı limfa vəziləri həcmcə böyüyür və aydın şəkildə müşahidə olunur. Xəstə heyvanlar sürətlə arıqlayır, süd verən heyvanlarda isə süd vəzilərinin mastiti baş verməklə süd azalır. Nadir hallarda heyvanda sinir pozğunluğu və aqressivlik baş verir. Bəzi inəklərdə balasalma halları da qeydə alınır.
Virus qanla ağız boşluğunun, burunun, gözün, cinsiyyət yolunun selikli qişasına, tüpürcək və süd vəzilərinə, xayalara sirayət edir. Düyüncüklərin əmələ gəlməsi dərinin epiteli hüceyrələrinin hiperplaziyası ilə müşayiət olunur.
Xəstəliyin ağır formasında uzun müddətli isitmə, iştahanın kəsilməsi, arıqlama baş verir. Bədən nahiyəsinin hər yerində və görünən selikli qişalarında düyüncüklər əmələ gəlir, xəstəliyin ağırlaşma dövründə traxeyanın, udlağın zədələnməsi və bronxopnevmoniya nəticəsində heyvanlarda asfiksiya müşahidə olunaraq heyvanda ölüm baş verə bilər.
Hal-hazırda xəstəliyə qarşı beynəlxalq təcrübədə heterogen (qoyun və keçi çiçəyi peyvəndi) və homogen (netling ştammı) peyvəndlərindən istifadə edilir. Azərbaycanda heterogen qoyun çiçəyi virusundan hazırlanmış peyvənd tətbiq olunur. Vaksinlər dövlət vəsaiti hesabına alınıb və ödənişsiz əsaslarla heyvanlara tətbiq edilir. Xəstəliyin yayılmasının qarşısını almaqdan ötəri qansoran həşəratlara görə çimizdirilmə, dezinfeksiya tədbirləri görülür. Həşəratlar heyvanı sancmaqla, törədicini xəstələrdən sağlamlara ötürə bilərlər.
Xəstə heyvanlar təcrid olunur, müalicəsi olmadığında simptomatik müalicə aparılır: ağrıkəsici və ürək-sinir sakitləşdirici dərman vasitələri tətbiq edilir, ikincili infeksiyalara qarşı antibiotiklər tətbiq olunur. Heyvanların ümumi durumunu və imuniteti gücləndirmək üçün köməkçi vasitələr istifadə olunur. Xəstəlikdən sağalmış heyvanlarda güclü immunitet yaranır.
Ümumiyyətlə, heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Məlumat üçün bildiririk ki, baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərdən olan nodulyar dermatitə və digər xəstəliklərə qarşı peyvənd edirlər. Həmçinin peyvəndləmədən sonra dezinfeksiya işləri görürlər. Görülən işlərlə yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də nodulyar dmatit xəstəliyi ilə bağlı maarifləndirmə işləri aparırlar.
Bununla yanaşı, təsərrüfat sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların çimizdirilməsi və təsərrüfatlarda qansorucu həşəratlara qarşı ciddi mübarizə aparmasına dair tövsiyələr verilir.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfatlarda saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edərlərsə rayon (şəhər) baytarlıq idarələrinə vaxtında müraciət etsinlər. Həmçinin təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunsun.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.