Kişineuda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib
2023-12-07 00:00:00
Kişineuda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.
İclasdan əvvəl hökumətlərarası komissiyanın həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə komissiyanın Moldova tərəfindən həmsədri, regional inkişaf və infrastruktur naziri Andrey Spinunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş olub. Görüşdə Azərbaycanla Moldova arasında ikitərəfli əməkdaşlığın istiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, məhsulların üçüncü ölkələrə ixracı zamanı Orta Dəhlizin yaratdığı üstünlüklərdən istifadə və digər məsələlər ətafında fikir mübadiləsi aparılıb.
Daha sonra Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası öz işinə başlayıb.
Qonaqları salamlayan Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Andrey Spinu Bakıda keçirilmiş son iclasdan sonra iki ölkə arasında iqtisadi, eləcə də enerji, nəqliyyat, logistik imkanların dəyərləndirilməsi və digər əməkdaşlıq istiqamətləri üzrə konkret addımlar atıldığını vurğulayıb. O bildirib ki, Moldova tərəfi texnologiya transferi, müştərək elmi tədqiqatlar, mütəxəssis hazırlığı, məhsul ixracı kimi sahələrdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır və hökumətlərarası komissiyanın 5-ci iclası iki ölkə arasında qarşılıqlı maraq doğuran yeni iqtisadi əməkdaşlıq istiqamətlərinin ortaya çıxmasını təmin edə bilər. Andrey Spinu kənd təsərrüfatı, təhsil, sosial müdafiə, xidmətlərin rəqəmsallaşması kimi sahələrdə də ikitərəfli əməkdaşlıq münasibətlərini inkişaf etdirmək üçün böyük potensial və zərurət olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Məcnun Məmmədov qeyd edib ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var və Kişineuda aparılacaq müzakirələr bu əməkdaşlığın daha da inkişafına təkan verəcək. Azərbaycan və Moldovanın strateji tərəfdaş olduğunu xatırladan həmsədr bu tərəfdaşlığın qarşılıqlı hörmət və dostluq ruhunda inkişaf etdiyini vurğulayıb. Siyasi münasibətlərlə yanaşı iqtisadi münasibətlərin də inkişaf etdirilməsinin zəruriliyinə toxunan Məcnun Məmmədov iqtisadi potensialı nəzərə alaraq, ticarət əlaqələrini daha da şaxələndirməyə, ticarət dövriyyəsini artırmağa hədəflənmiş addımlar atılmasının vacibliyini qeyd edib. Həmsədr bildirib ki, birgə biznes forumlar, beynəlxalq sərgilərdə qarşılıqlı iştirak iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı daha da gücləndirə bilər. Azərbaycanın Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini deyən Məcnun Məmmədov Moldova tərəfini məhsul ixracında bu imkanları dəyərləndirməyə çağırıb.
Daha sonra iclas iştirakçıları Azərbaycan-Moldova birgə hökumətlərarası komissiyanın 2022-ci il oktyabrın 10-da keçirilmiş 4-cü iclasında qəbul olunmuş qərarların icra vəziyyətini müzakirə edib, bu istiqamətdə mühüm işlərin görüldüyünü bildiriblər.
İclasda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Moldova İnvestisiya Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Daha sonra Azərbaycan-Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasının yekunlarına dair protokolu təsdiqlənib. Sənəd iki ölkə arasında kiçik və orta sahibkarlığın dəstəklənməsi, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.
Tərəflər Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının gələn il Bakıda keçirilməsi barədə razılığa gəliblər.