Payız mövsümündə Taxıl böcəyinə qarşı mübarizə tədbirləri
2023-10-12 00:00:00
Əsasən dənli bitkilərə zərər vuran taxıl böcəyi (Zabrus tenebrioides Goeze) növünün Azərbaycanda adi zaqafqaziya taxıl böcəyi (Z. tenebrioides ssp elongatus Men.), böyük taxıl böcəyi (Zabrus spinipes Fabr), dağ taxıl böcəyi (Z. spinipes ssp rugosus Men.) və cənub taxıl böcəyi (Z. morio Men.) yarımnövləri yayılmışdır. Bu böcəklərin xarici görünüşü, həyat tərzi və bitkiyə vurduqları zədələr oxşardır, lakin geniş yayılmasına və zərərvurma dərəcəsinə görə birinci yerdə adi zaqafqaziya taxıl böcəyi durur. Zərərverici 20%-30%, bəzən 70%-80% məhsul itkisinə səbəb ola bilir.
Yetkin böcəklərə may ayının birinci yarısında təsadüf edilir. Böcəklər və onların sürfələri gecə həyat tərzi keçirir. Gün batan kimi onlar gizləndikləri yerdən çıxıb, sünbüllərə daraşır və bütün gecəni səhərə qədər təzə əmələ gəlmiş və dolmaqda olan dənlərlə qidalanır. Gün çıxan kimi isə böcəklər sünbüllərdən düşür və torpaq kəsəkləri altında gizlənirlər.
İsti yay günləri başladıqda böcəklər yay yuxusu keçirmək üçün 25-30 sm dərinliyə qədər torpağa girir və sentyabrın əvvəllərinədək orada qalırlar. Bu dövrdə cütləşdikdən sonra dişilər öz yumurtalarını topa halında torpağın 7 sm-ə qədər dərinliyində qoyurlar. Bir dişi fərd 30-a qədər yumurta qoyur. Qoyulmuş yumurtalardan sentyabrın 2-ci yarısından sonra sürfələr çıxır. İqlim şəraitindən asılı olaraq dağlıq və dağətəyi ərazilərdə ilk sürfələrə sentyabr ayının 25-dən, aran zonada isə sentyabrın 15-dən etibarən təsadüf edilir. Bu zaman torpaqda nəmliyin miqdarı böyük rol oynayır. Kifayət qədər nəmlik olduqda sürfələr yumurtalardan daha tez çıxırlar və inkişafları payızda qurtarır. Sürfələr ömürlərinin çoxunu torpaqda keçirir və yer üzərinə gecələr çıxaraq əvvəlcə yerə tökülmüş dənlər və yabanı taxılların cücərtiləri ilə sonra isə payızlıq taxıl cücərtilərinin yarpaqları ilə qidalanırlar. Çeynənmiş yarpaqlar bir-birinə yapışmış sap yumağı şəklini alır.
Gündüzlər də qidalanmaq üçün çox vaxt sürfələr taxılın yarpaqlarını yuvasına çəkirlər. Sürfələr olduqca acgöz olurlar. Onlar yuvanın yaxınlığındakı cücərtiləri yedikdən sonra başqa yerə keçərək yeni yuvalar düzəldir və qidalanmanı davam etdirirlər.
Qidalanma davamlı şaxtalar düşənə qədər davam edir. Qış mülayim keçdikdə inkişafını başa çatdırmamış sürfələr qışda da qidalanır. Sürfələr müsbət 1°C-də inkişaf edə və qidalana bilir. Qışlamış sürfələr mart-aprel aylarında pup halına keçirlər və bu mərhələyə keçənə qədər bitkilərə zərər verə bilirlər. İl ərzində 1 nəsil verir.
Mübarizə tədbirləri
Əkinlərdə zərərvericinin yayılmasının qarşısının alınması üzrə tədbirlərə yay aylarından, sahədə biçin aparıldıqdan dərhal sonra başlanılmalı və aqrotexniki qaydalara ardıcıllıqla düzgün əməl edilməlidir.
Beləki:
- sahə biçildikdən sonra küləş tam yığılmalı, 25-30 sm dərinliyində şum aparılmalı;
- növbəli əkin tətbiq edilməli;
- bitkisiz herik, xüsusilə qara herik sürfələrin xeyli azalmasına səbəb olur;
- toxumlar səpinqabağı dərmanlanmalıdır;
- sirayətlənmiş sahələrdə bərk buğda sortları əkilməsi tövsiyə olunur;
- şumaltına digər gübrələrlə yanaşı fosforlu gübrələr verilməlidir.
Payızda, aparılmış aqrotexniki tədbirlər lazımi səmərəni vermədiyi hallarda zərərvericiyə qarşı kimyəvi dərmanlanmalar adi taxıl əkinlərində hər m2-də 1,6-2,2 sürfə, toxumluq taxıl əkinlərində isə 0,8-1,0 sürfə müşahidə edildikdə aparılmalıdır. Mühafizə tədbirlərinin zərərvericinin iqtisadi ziyanlı həddi (İZH) nəzərə alınmaqla aparılması mühafizə xərclərini, pestisidlərin ətraf mühitə zərərli təsirini azaldır, və entomofaqların taxıl aqrobiosenozunda qorunub saxlanılmasına şərait yaradır.
Toxumun dərmanlanması: Toxumun dərmanlanması zamanı təsiredici maddəsi Tiometoksam +Defenokonazol+Fludioksanil 1,5-2, Tebukonazole - 0,5, Dikonazole -1,5 kq (1 ton toxuma) və ya digər yüksək effektliyə malik müasir preparatlardan istifadə edilməsi xəstəlik və zərərvericilərə qarşı yüksək səmərə verir.
Kimyəvi mübarizə: payızda təsiredici maddələri İmidacloprid 150q/l+Lambda syhalothrin 50q/l (0.08-0.1 l/ha), Deltametrin 25 q/l (0.25 l/ha), Sypermetrin 250 qr/l (0,3 l/ha), Diazinon 600 q/l (1,5-1,8 l/ha) və s. olan preparatlardan qeyd olunan məsarif norması gözlənilməklə istifadə olunaraq mübarizə tədbirləri həyata keçirilməlidir. Təsiredici maddəsi iki tərkibli preparatlar bir tərkibli olan preparatlara nisbətən, taxıl böcəyinə qarşı həm bioloji, həm də iqtisadi cəhətdən daha səmərəlidirlər.
Sürfələrə qarşı mübarizə zamanı hektara 100-200 litir, vegetasiya müddətində yetkin böcəklərə qarşı mübarizə aparıldıqda isə 200-400 litr işçi məhlul sərf olunmalıdır. Tətbiq olunan insektisidlərə qarşı taxıl böcəyində davamlılıq yaranmaması üçün preparatlar qrup və təsiredici maddələr üzrə mütləq qaydada növbələşdirilməlidirlər.