Torpaq analizləri və analiz nəticələrinin gübrələmə proqramının hazırlanmasında əhəmiyyəti-Mütəxəssis məsləhəti
2022-09-13 09:08:12
Kənd təsərrüfatı bitkilərinin becərilməsində əsas məqsəd əkin sahələrindən yüksək və keyfiyyətli məhsul almaqdır. Bunun üçün ilk olaraq fermerlərin aşağıdakı əsas məqamları diqqətdə saxlamaları tövsiyyə olunur:
Kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində ən mühüm tədbirlərdən biri düzgün gübrələmə proqramının tətbiqidir. Çünki əkilən mədəni bitkilər yerüstü hissələri ilə torpaqdan qida maddələrini mənimsədiklərindən həmin elementlərin torpaqda miqdarı ildən-ilə azalır. Məsələn, əgər keçən əsrin əvvəllərində torpaqda yalnız NPK kimi qida maddələrinin miqdarı azalmışdırsa, hazırda bir çox mikroelementlərin də torpaqda miqdarı azalmış və makroelementlərlə yanaşı mikroelementlərin də gübrə kimi torpağa verilməsinə zərurət yaranmışdır. Çünki torpaqda hər hansı bir qida elementinin bitkinin ehtiyacını ödəməməsi, digərlərinin nə qədər olmasından asılı olmayaraq bitkidən məhsuldarlığın alınmasına mənfi təsir göstərir.
Bitki üçün zəruri olan qida elementləri hansılardır?
Bitkilərin optimal şəkildə böyümə və inkişafı üçün ən azı 17 qida maddəsinə ehtiyacı vardır. Bu maddələrdən üçü- hidrogen, karbon və oksigen bitki kütləsinin 95%-ni təşkil etməsinə baxmayaraq bitkilər həmin elementləri atmosferdən və sudan kifayət qədər aldıqları üçün bitki qidalanmasında o qədər də önəm kəsb etmirlər. Qalan 14 qida maddəsini isə birbaşa torpaqdan əldə edirlər. Bu elementlər əsasən anion, kation və molekul şəklində bitki tərəfindən mənimsənilir. Bitkilərin qida maddələrini mənimsəməsi bitkinin növü, yaşı, kök ölçüsü, torpağın fiziki, kimyəvi və bioloji xüsusiyyətləri, torpaqda mənimsəniləbilən elementlərin miqdarı, tətbiq olunan aqrotexniki tədbirlər, iqlim şəraiti və s. kimi faktorlardan asılıdır.
Bitkilər üçün vacib qida elementləri 2 qrupa bölünür:
Torpağın qida elementlərinə olan ehtiyacının düzgün müəyyənləşdirilməsinin isə ən etibarlı yolu torpaqların analiz olunmasıdır. Bu yolla, bitki kökünün inkişafı zonasında bitki üçün yararlı qida elementlərinin miqdarı öyrənilir və bunun əsasında veriləcək gübrənin növü, eyni zamanda norması müəyyən olunur.
Torpaq analizi nədir və necə aparılmalıdır?
Bitkilər yaşamaları və məhsul verəbilmələri üçün torpaqdan kifayət qədər qida elementi almalıdır. Torpaq mineral maddələrlələ zəngin olmasına baxmayaraq, həmin maddələrin hamsı bitkilər üçün yararlı halda deyil. Torpaq analizi, doğru bitki növünü onun üçün əlverişli torpağa əkmək və yüksək keyfiyyətli məhsul ala bilmək üçün torpağın fiziki, kimyəvi və bioloji xarakteristikasının müəyyən edilməsidir.
Torpaqdan götürülən nümunələrin analiz nəticələrinin dəqiqliyi üçün ilk addım sahədən nümunələrin düzgün götürülməsidir. Əks halda anliz nəticələri və analiz nəticələrinə əsasən hazırlanmış gübrələmə proqramı effektiv olmayacaqdır.
Sahədən nümunələr necə götürülməlidir?
Birillik bitkilər üçün kök zonasından – 0-25 (30) sm, meyvə bitkiləri üçün isə 0-30, 30-60 və 60-90 sm-dən nümunə götürülməlidir. Əsasən əkinəqədər tarlanı tam xarakterizə edən yerlərdən ziq-zaq formasında hərəkət edərək ən azı 10 nöqtədən toplanmış nümunələr plastik qabda qarışdırılır və təxminən 1 kq-lıq vahid nümunə formalaşdırılır. Toplanmış nümunələr platsik torbalara yığılır və üzərinə nümunə haqqında informasiya yazılaraq müvafiq laboratoriyaya təqdim edilir. Əldə edilmiş analiz nəticələrinə əsasən aidiyyatı mütəxəssilər tərəfindən gübrələmə proqramı tərtib edilməlidir. Gübrələmə proqramında sahəyə verilməli olan gübrələrin adı və tələb olunan miqdarı qeyd edilir. Proqrama riayət edilməklə həddindən artıq gübrə istifadəsinin, bununla da, ətraf mühitin çirklənməsinin və gübrələrin yanlış istifadəsi nəticəsində yaranan problemin qarşısı alınır.
Gübrələmə nədir?
Gübrələmə bitkilərin qida elementlərinə ehtiyac duyduqları miqdarın torpaqda mövcud olan miqdardan yüksək olduqda torpağa verilən əlavə üzvi və mineral qida maddələridir. Bitkilərin ehtiyacından çox və ya az gübrə verilməsi iqtisadi cəhətdən effektiv olmur.
Kənd təsərrüfatı bitkiləri, eləcə də eroziya vasitəsi ilə hər il torpaqdan çoxlu miqdarda qida elementləri aparılır. Ona görə də qida elementlərinin ümumi miqdarı ildən-ilə azalır və balanslı gübrələmə proqramı tətbiq edilmədikdə torpaq münbitliyi, eyni zamanda məhsuldarlıq azalır.
Gübrələmə proqramı hazırlanan zamanı nələrə diqqət yetirilməlidir?
Torpağın məhsuldarlıq qabiliyyətini müəyyənləşdirmək üçün bir neçə parametr üzrə analiz edilməsinə ehtiyac vardır. Torpağın analizi, torpağın fiziki xassələrini və qida elementi ehtiyatını müəyyənləşdirmək üçün kifayət edir. Əsas torpaq analizlərinə su tutumu, pH, karbonatlıq, duzluluq, humus, qranulomterik tərkib, mütəhərrik fosfor və mübadiləvi kaliumdur. Lakin detallı torpaq analizləri lazım olduqda bu siyahıya azot, kalsium, magnezium, natrium, bor, kükürd, dəmir, mis, sink, mübadilə olunan kationlar, suda həll olan anion və kationlar, fəal karbonatlar və s. daxildir.
Bitkinin ən çox ehtiyac duyduğu qida elementləri azot (N), fosfor (P) və kaliumdur (K). Gübrə proqramları adətən bu qida elementləri üzərində hazırlanır və bitkidə aşağıdakı funksiyaları daşıyırlar:
Mütəxəssilər tərəfindən torpaq analiz nəticələrinə komleks yanaşmaqla gübrələmə proqramı hazırlanmalıdır. Sadəcə bir göstəricini əsas tutaraq gübrə proqramının hazırlanması məqsədəuyğun hesab olunmur.
Hər bir tarla üçün gübrələmə planının hazırlanmasına daxildir:
Beləliklə, torpaqların analiz edilməsində əsas məqsəd torpaqda qida maddələrinin düzgün idarə edilməsini həyata keçirməkdir. Torpaq analiz prosesi 3 əsas mərhələdən: nümunələrin götürülməsi, laboratoriya analizi və analiz nəticələrinə əsaslanan düzgün gübrələmə proqramının hazırlanmasından ibarətdir. Düzgün gübrələmə proqramı isə az xərclə bol və yüksək keyfiyyətli məhsul istehsalına, torpaq ehtiyatlarının qorunması, səmərəli istifadəsinə gətirib çıxarır.
Torpaqların aqrokimyəvi analizlərinin aparılması üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin ixtisaslaşmış regional laboratoriyalarının (11 ədəd) xidmətlərindən istifadə edə bilərsiniz.
Aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev