Payızlıq əkinlərdə zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri davam etdirilir
2022-01-14 00:00:00
Aqrar Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən ötən ilin sentyabr ayından respublikanın əkin və bağ sahələrində xüsusi təhlükəli, karantin tətbiq edilən və digər tənzimlənən zərərvericilərlə bağlı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.
Belə ki,ötən ilin sentyabr ayından bu günədək respublika ərazisində siçanabənzər gəmiriçilərə qarşı ümumilikdə 271814 hektar ərazidə müşahidələr aparılmış, mütəxəssislərin məsləhət və tövsiyələri əsasında 104508 hektar ərazidə mübarizə tədbirləri həyata keçirilmişdir. Eyni zamanda taxıl böcəyinə qarşı 31666 hektar ərazidə müşahidələr aparılmış, 16816 hektar ərazidə mübarizə tədbirləri həyata keçirilmişdir. Siçanabənzər gəmiricilərlə ən çox sirayətlənmə əsasən Füzuli, Tovuz, İsmayıllı, Qubadlı, Qusar, taxıl böcəyi ilə ən çox sirayətlənmə Cəbrayıl, Şəki, Qax və Oğuz rayonu ərazilərində aparılan əkinlərdə müşahidə edilmişdir.
Bu dövr ərzində işğaldan azad olunmuş rayonların - Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının ərazilərində də intensiv müşahidə və mübarizə tədbirləri həyata keçirilmişdir. İşğaldan azad olmuş rayonların əraziləri uzun müddət fitosanitar nəzarətdən kənarda qaldığından bu ərazilərdə siçanabənzər gəmiricilərin populyasiyalarının kəskin artması müşahidə olunmuşdur.
Respublikanın payızlıq taxıl əkini sahələrində fitosanitar sabitliyin qorunması məqsədi ilə hazırda Agentliyin aidiyyəti yerli qurumları tərəfindən fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, siçanabənzər gəmiricilər kütləvi artıb çoxaldığı illərdə kənd təsərrüfatı üçün böyük təhlükə törədir. Odur ki, onların yayılma arealını müəyyən etməklə aparılacaq mübarizə tədbirlərinin həcmini proqnozlaşdırmaq, aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması vacibdir. Siçanabənzər gəmiricilərin artıb çoxalması üçün optimal temperatur 10-25oC-dir. Havanın temperaturu yüksək olduqda yaşlı fərdlər istilərə dözməyərək məhv olur, kiçik yaşlı fərdlər isə yaşlılara nisbətən istiyə daha çox davamlıdırlar. Bunun əksinə olaraq havanın şaxtalı olduğu dövrdə yaşlı fərdlər davamlı, cavan fərdlər isə davamsız olur. Bu səbəbdən şaxtalı havalarda cavan fərdlərin kütləvi məhv olması baş verir. Böyük bədən ölçülü istiqanlılara nisbətən siçanabənzər gəmiricilər fərqli bioloji orqanizm olaraq yaşamaq üçün daha çox enerji sərf edir. Bu səbəbdən onların daha çox qidalanmasına ehtiyac yaranır.
Zərərvericiyə qarşı mübarizədə aqrotexniki tədbirlərin rolu böyükdür. Belə ki, əkin sahələrində məhsulun vaxtında və itkisiz yığılması, bitki qalıqlarının sahədən təmizlənməsi, sahənin vaxtında şumlanması, becərilməsi, suvarılan əkinlərdə sahələrin vaxtında suvarılması, həmçinin əkinətrafı ərazilərin bellənməsi və ya şumlanması siçan populyasiyalarının artmasının qarşısının alınmasında mühüm rol oynayır.
Zərərvericinin yeni ərazilərə yayılması və ən çox saya malik pik mərhələsində kimyəvi mübarizə üsuldan istifadə edilir. Respublikamızda son illər siçanabənzər gəmiricilərə qarşı əsasən Sink-fosfid preparatı tətbiq olunur.
Taxıl böcəyinin sürfələri əkin sahələrinə həm payızda, həm də yazda ziyan vurur. Qış mülayim keçdikdə inkişafını başa çatdırmamış sürfələr qışda da qidalanır. Sürfələr müsbət 1°C-də inkişaf edə və qidalana bilir. Sürfələr bitkinin yarpaqları, yetkin böcəklər isə “sütül” dənləri ilə qidalanırlar. Bir böcək imagianal həyatı dövründə 40-60, orta hesabla 55 dən yeyə bilir. Mübarizə tədbirləri aparılmazsa məhsul itkisi 20-30%, hətta 70-80%-ə çata bilər.
Yetkin fərd sentyabr ayının ikinci ongünlüyündə yumurta qoymağa başlayırlar. Yumurtaqoyma 10-25 gün davam edir. Oktyabr ayının əvvəlində yumurtadan çıxan sürfələr ilk dövrdə torpaqda olan bitki qalıqları, sonralar isə payızlıq taxıl cücərtiləri ilə qidalanırlar. Qış dövrünü əsasən müxtəlif yaşlı sürfə mərhələsində torpağın 30-40 sm dərinliyində keçirir. Aprelin ikinci ongünlüyündən etibarən sürfələr pup mərhələsinə keçirlər. Pup mərhələsi 13-19 gün davam edir. Yetkin böcəklər may ayının II yarısından müşahidə olunmağa başlayırlar.
Bu zərərvericiyə qarşı kimyəvi mübarizə aparmaq məqsədilə payızda bitkilərin kollanması dövrünə qədər 1m2-də sürfələrin sayı 1-2 ədəd, yazda bitkilərin boyatma dövründə isə 3-4 ədəd olarsa təsiredici maddəsi imidokloprid 150q/l+lambda siqalotrin 50q/l olan preparatlardan (0.08-0.1 l/ha) və ya təsiredici maddəsi deltametrin 25q/l olan preparatlardan (0.25 l/ha) istifadə etməklə kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir.
Fermerlərə zərərli oranizmilərin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə zərərvericilərin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına müraciət etmələri tövsiyə olunur.