Heyvanların tizaniezioz xəstəliyinə qarşı dehelmintizasiya tədbirləri vaxtında aparılmalıdır-Mütəxəssis tövsiyəsi
2021-09-28 00:00:00
Aqrar Xidmətlər Agentliyi (AXA) heyvandarlıqla məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, heyvanlar arasında çox geniş yayılmaqla, təsərrüfatlara böyük iqtisadi zərər verən parazitar xəstəliklərdən biri də tizanieziozdur. Heyvandarlıqda tizaniezioz xəstəliyinin qarşısını almaq üçün fermer, sahibkar və heyvandarlıqla məşğul olan insanlar aşağıda qeyd olunan tövsiyələrə əməl edərlərsə, heyvanlar arasında baş verə biləcək tizaniezioz xəstəliyinin qarşısını almış olarlar.
Qeyd edək ki, tizaniezioz qoyun və digər gövşəyən heyvanların nazik bağırsağında parazitlik edən Thysanosomatide fəsiləsindən olan Thysaniezia giardi adlı sestoddur. Parazitin uzunluğu 5 m-ə, eni 9 mm-ə qədər olub, gövdəsi 4 əmzikli başcıqdan (skoleks), boyuncuqdan və çoxlu buğumlardan ibarətdir. Bir qədər boza çalan ağımtıl rəngdədir. Yumurtaları olduqca xırdadır.
Azərbaycanın bütün zonalarında qoyun, qaramal, zebu və camışların tizanieziozla yoluxması qeydə alınır. Digər heyvanlara nisbətən bu xəstəliyə qoyunlar daha çox tutulurlar.
Çox zaman avitaminozla birlikdə yay dövründə təsadüf edilir. Havaların mülayim keçməsi otyeyən həşəratların sürətlə çoxalmasına və xəstəlik hallarının artmasına şərait yaradır.
Xəstəlik əsasən 1-2 yaşlı cavan qoyunlarda müşahidə edilir. Quzular 5 aylığa qədər tizanieziozla yoluxmurlar. Xəstələrdə ümumi halsızlıq, selik təbəqələrinin solğunluğu, bəzən sinir və hərəkət əlaqələrinin pozğunluğu müşahidə edilir. Bu xəstəlikdən ölüm əsasən 1-2 yaşlı cavan heyvanlarda və yaşlı qoyunlarda payız-qış aylarında baş verir.
Şiddətli invaziyalaşma zamanı isə ishal, selikli qişada anemiya, halsızlıq və əsəbilik əlamətləri nəzərə çarpır.
Yoluxmanın qarşısını almaq məqsədilə yazın əvvəlində heyvanlar otlağa çıxarılmazdan əvvəl və payızda yataq şəraitinə keçirildikdən sonra profilaktiki dehelmintizasiya aparılmalıdır. Eləcə də dehelmintizasiya tədbirləri qış aylarında da aparıla bilər.
Heyvanların tizanieziozuna qarşı profilaktik-müalicə və müayinə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Fermer və sahibkarların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda, xüsusilə qoyunlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edildiyi zaman mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, heyvanlarda tianiezioz xəstəliyinə qarşı aparılan profilaktika və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.