Bölgələrdə toxumçu fermerlərlə görüşlər keçirilir
2023-07-20 00:00:00
Azərbaycan Toxumçular Assosiasiyası və Aqrar Xidmətlər Agentliyi (AXA) birgə təşkilatçılığı ilə bölgələrdə toxumçu fermerlərlə görüşlərin keçirilməsinə start verilib.
İlk görüş bu gün İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin (AXA), DAİM-nin əməkdaşları, Azərbaycan Toxumçuluq Assosiasiyasının rəhbərliyi və toxumçular iştirak edib.
Görüşü giriş sözü ilə açan Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva bildirib ki, regionlarda toxumçuluğun elmi əsaslarla inkişafı daimi diqqət mərkəzində saxlanılır. Bu mədsədlə Assosiasiya tərəfindən toxumçulara daim dəstək göstərilir, qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün məsləhət və tövsiyələr verilir. Fermerlərin yüksək keyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün vacib amillərdəndir.
Sonra çıxış edən AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma mərkəzinin şöbə müdiri Hacıağa Zeynalov bildirib ki, kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması əsas prioritet vəzifələrdəndir. Bol və keyfiyyətli məhsul istehsalının əsasının sertifikatlı toxumdan başlandığını deyən AXA nümayəndəsi bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb. Fermerlərin sertifikatlı toxuma əlçatanlığının təmin olunması, payızlıq buğda və arpa səpinin optimal müddətdə aparılması üçün toxumların kondisiyaya çatdırılması və vaxtında sertifikatlı toxumdan istifadənin vacibliyi nəzərə çatdırılıb.
Görüşdə fermerlin toxumların vaxtında sertifikatlaşdırılma prosesini həyata kecirmək, eləcə də məlumatların vaxtında EKTİS - ə daxil edilməsinin vacıbliyi nəzərə catdırılıb.
Sonda toxum istehsalçı və istifadəçilərinin qarşılaşdığı problemlər dinlənilib, bu sahənin inkişafı ilə baglı qarşıda duran vəzifələr və hədəflər müzakirə olunub.
Bölgələrdə görüşlər davam edir.