Çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam edir
2021-06-25 00:00:00
Aqrar Xidmətlər Agentliyinin mütəxəssiləri tərəfindən Samux, Göygöl və Goranboy rayonlarının bitki mühafizəsi mütəxəssisləri və fermerlər üçün “Çəyirtkəkimilərlə mübarizədə tətbiq edilən pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) üzrə yığılması” mövzusunda təlim keçirilib. Təlimdə 18 nəfər yerli qurumların bitki mühafizəsi üzrə mütəxəssisləri, çiləyici operatorlar və fermerlər iştirak edib. İştirakçılara çəyirtkəkimilərin biologiyası, zərərvurma xüsusiyyətləri, onlara qarşı mübarizə üsulları və dərmanlamalar zamanı pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması, həmçinin çəyirtkələrlə bağlı Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) üzrə yığılması barədə ətraflı məlumatlar verilib. Təlim tarla şəraitində, çəyirtkələrin məskunlaşdığı Ceyrançöl-Eldar düzü ərazisində davam etdirilmiş, çəyirtkələrlə bağlı avtomatlaşdırılmış sistem (ASDC) üzrə toplanmış məlumatların planşetlərə köçürülməsi, məlumat bazasına ötürülməsi izah edilmiş və ultra kiçik həcmli (UKH) çiləyici texnikaların kalibirlənməsi nümayiş etdirilmişdir.
Qeyd edək ki, ölkəmizdə sürü əmələ gətirən Mərakeş, İtaliya və Asiya çəyirtkələri mövcuddur. Məskunlaşma yerləri adətən dağətəyi ərazilər, yamaclar, seyrəkləşmiş otluq sahələri, xam torpaqlar və s. yerlərdir. Bu növlər xüsusi təhlükəli zərərli orqanizmlərə aid olub geniş polifaq zərərvericilər hesab edilir. Ölkə ərazisində 1 nəsil verir.
Hər il sürü əmələ gətirən çəyirtkəkimilərin idarə edilməsi, müşahidələrin aparılması və mübarizə işinin mütəşəkkil təşkili məqsədilə Aqrar Xidmətlər Agentliyində müvafiq qabaqlayıcı tədbirlər planlaşdırılır və çiləyici avadanlıqların işlək vəziyyətdə olmasına xüsusi diqqət yetirilir.
Hal-hazırda Samux, Goranboy və Göygöl rayonlarında çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir.