Atların qripi (atlarda influenza)
2024-04-15 00:00:00
Atların qripi iti gedişli, sürətlə yayılan virus xəstəliyidir. Yaşından, cinsindən asılı olmayaraq bütün atlar, o cümlədən bütün təkdırnaqlılar xəstəliyə həssasdır.
Yoluxma yolları:
xəstəlik mənbəyi xəstə və xəstələnib sağalmış atlardır. Xəstəlik heyvana əsasən hava-damcı, həmçinin təmas yolu ilə yoluxur. Xəstəlik törədicisi xidməti personal,həmçinin nəqliyyat vasitəsi ilə də yayıla bilər.
Kliniki əlamətləri:
- xəstəlik qəflətən başlayır, heyvan ətrafa biganə halda dayanır, əksər hallarda yemdən imtina edir; tükləri pırpızlaşır; hərarəti 40-41 dərəcəyə qalxır və bu hal bir neçə sutka davam edir;
- heyvanda qeyri-iradi başlayan, aralıqlarla tez-tez təkrar olunan yaş öskürək yaranır, sonradan davamlı, kəskin ağrılı quru öskürəyə keçir;
- xəstə atların burun selikli qişaları və konyuktivası kərpici-qırmızı rəng alır, burnundan və gözündən şəffaf axıntı gəlir;
- xəstəliyin ağır formasında yuxarı tənəffüs yollarında kataral iltihab, limfa düyünlərində böyümə, burundan seroz-irinli axıntını gəlməsi, mədə-bağırsaq traktında pozğunluq müşahidə olunur. Ağciyərlərdə kiçik qabarcıqlı yaş xırıltı, bəzi hallarda fit səsli xırıltı yaranır, bronxitlər baş verir.
Xəstəliyin gedişi heyvanın saxlanma şəraitindən asılıdır.
Profilaktikası və mübarizə tədbirləri:
- xəstəliyin baş verməməsi üçün atların saxlanması üçün optimal şərait yaradılmalıdır;
- onların ayrıca pəyədə saxlanılmaları, yağmursuz isti havalarda xal-xallara çıxarılmaları tövsiyə edilir;
- pəyələrdə mütəmadi təmizlik və dezinfeksiya işləri aparılmalıdır;
- qidalı yemləmə tətbiq edilməlidir, rasionun əsasını keyfiyyətli ot təşkil etməlidir;
- qeyri-sağlam ərazilərdən təsərrüfata heyvan gətirmək olmaz;
- gətirilən heyvanlar 1 ay karantində saxlanmalıdır;
- bütün heyvanlar peyvənd edilməlidir;
- sərgilərə, yarışlara ancaq immunizasiya edilmiş heyvanlar buraxılmalıdır.
Əgər təsərrüfatda xəstəlik əlamətləri müşahidə edilərsə, mütləq ərazi üzrə baytarlıq xidmətinə müraciət edilməlidir. Baytarlıq mütəxəssisləri ilə birlikdə məhdudlaşdırıcı, profilaktiki və müalicə işləri hazırlanıb həyata keçirilməlidir.
Atların qripi xəstəliyinin diaqnostikası, profilaktikası və ləğvi dövlət büdcəsi hesabına maliyyələşdirilir və bu tədbirləri Aqrar Xidmətlər Agentliyinin yerli qurumları həyata keçirir.
Lənkəranda çəltik əkinlərində alaq...