Karantin zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir
2020-09-16 00:00:00
Sentyabr ayının ötən dövrü ərzində Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumları tərəfindən respublika ərazisində Amerika ağ kəpənəyinin 3-cü nəslinə, karantin yastıcalara, sitrus ağqanadlısı və minalayıcı sitrus güvəsinə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilmişdir.
Amerika ağ kəpənəyi ilə bağlı Astara, Lənkəran, Abşeron və Şabran rayonlarının ərazisində ümumilikdə 1330,0 ha sahədə müşahidələr aparılmış, 258,0 ha sahədə sirayətlənmə aşakar edilmiş və 191,0 ha sahədə kimyəvi və mexaniki mübarizə tədbirləri həyata keçirilmişdir. Mübarizə tədbirləri ən çox Astara (98.0 ha) və Lənkəran (67.5 ha) rayonlarının ərazisində aparılmışdır.
Sitrus ağqanadlısına qarşı Lənkəran, Astara və Masallı rayonlarının ərazisində 833.2 hektar sahədə müşahidələr aparılmış, 648.5 hektar sahədə sirayətlənmə aşkar edilmiş və 551.2 hektar sahədə (Lənkəran 301.5, Astara 247.0, Masallı 2.7 ha) kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir.
Minalayıcı sitrus güvəsinə qarşı Lənkəran, Astara və Masallı rayonları ərazisində 293.0 ha sahədə müşahidələr aparılmış, 247.8 ha sahədə sirayətlənmə aşkar edilmiş və 209.6 ha (Astara 161.0, Lənkəran 48.2, Masallı 0.4 ha) sahədə kimyəvi mübarizə tədbirləri həyat keçirilmişdir.
Yastıcalara qarşı rayonlar üzrə ümumilikdə 4714.8 ha ərazidə müşahidələr aparılmış, 1813.0 ha sahədə sirayətlənmə aşkar edilmiş və 1333.6 ha sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir ki, bunun da 658.6 hektarında mübarizə tədbirləri büdcə vəsaiti hesabına aparılmışdır.
Hazırda qeyd olunan zərərvericilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.