ATLARDA DEMODEKOZ
2020-08-12 00:00:00
Demodekoz (Demodecoses) Demodecidae ailəsinə mənsub olan Demodex cinsinə aid endoparazit gənələr tərəfindən törədilən invazion xəstəlikdir. Parazit heyvanların piy vəzilərində və tük kisəciklərində parazitlik etməklə, dəridə dermatit, dərinin hiperkeratozu və günü-gündən şiddətlənən arıqlama ilə səciyyələnir.
Atlarda bu xəstəlik itlərə, iribuynuzlu heyvanlara və donuzlara nisbətən yüngül keçir.
Hər bir heyvan növünün spesifik demodekoz törədicisi vardır. Atlarda demodekozun törədicisi Demodex equi-dir.
Parazit heyvanlarda çoxsaylı koloniyalar yaradırlar. Sahibinin orqanizmindən kənarda 8 və daha artıq gün yaşaya bilir. Parazit havanın temperaturası 30-40 oC olduqda hərəkət edirlər.
Yoluxma xəstə heyvanlarla sağlamları birlikdə saxladıqda baş verir. Cavan heyvanlar daha həssas olurlar. Xüsusilə heyvanlar pis şəraitdə saxlanılıb yemləndirilkdə xəstəliyə daha çox həssaslıq göstərirlər.
İnvaziya əsasən ilin isti aylarında yetkin gənələr çoxalma yerindən çıxaraq dəri örtüyünə sirayətləndikdə baş verir.
Kliniki əlamətləri. Başda, boyunda, kürəkdə, döş qəfəsinin yanlarında, ayaqlarda əllədikdə bərk formada, 2-10 mm diametrdə, qabarcıqlar əmələ gəlir. Bu qabarcığın üst tərəfində əmələ gələn deşikdən zərdab, qanlı irin axır. Xəstəlikdə geyişmə olmur. Heyvanlar intoksikasiyadan və dəri örtüyünün funksiyasının azalması nəticəsində arıqlayaraq öz çəkilərini itirirlər. Dəridə çapıq toxuması əmələ gəlir.
Müalicəsi. Müalicə məqsədilə atlar 0,5%-li sevin suspenziyası ilə hər 3-4 gündən bir, 0,5 – 0,75%-li azuntolun və 1%-li xlorofosun suda məhlulu ilə hər 4-5 gündən bir işlənilir. Yerli müalicə məqsədilə 5 gün ara verməklə “Akrodeks” aerozolundan da istifadə edilir.
Demodekozun müalicəsi böyük çətinliklər törədir. Heyvanların dərisi preparatlarla işlənir. Eyni zamanda preparatların inyeksiya formasından istifadə edilir. Bu məqsədlə ivermektindən istifadə olunur.
Qulluq əşyaları, at damı, xəstə heyvan olmuş yerlərdə gənələrə qarşı dezakarizasiya aparılır. Bu məqsədlə 2%-li sevindən, xlorofosun 0,5%-li suda məhlulundan, nikoxloraminin 3%-li emulsiyasından istifadə olunur.
Profilaktikası. Hər ay heyvanlar baytarlıq-sanitariya baxışından keçirilir. Bu tədbir yanvar-iyun aylarında aparılır. Xəstə aşkar edildikdə bir qrupda saxlanan heyvanlar qeyri-sağlam hesab edilir və onlar akarisidlərlə işlənilir. Xəstələr ayrılır. Atlarda invazion xəstəliklərinə, o cümlədən demodekoza qarşı aparılan profilaktik və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə həyata keçirilməlidir.