İpəkqurdu saxlanılacaq kümxanalarda dezinfeksiya tədbirləri həyata keçirilib
2024-05-01 00:00:00
Aqrar Xidmətlər Agentliyinin (AXA) rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələri tərəfindən respublikanın 38 rayonunda baramaçılıqla məşğul olan təsərrüfatların ipəkqurdunun saxlama yerlərində - kümxanalarda dezinfeksiya tədbirləri həyata keçirilib. Cari ildə tut ipəkqurdların müxtəlif növ xəstəlik və zərərvericilərdən qorunması üçün ümumilikdə 1464 kümxana üzrə 162386 m3 ərazidə dezinfeksiya işləri həyata keçirilib.
Kümxanalarda dezinfeksiya işləri zərərvericilərin (bakteriya və virusların) məhv edilməsi məqsədilə aparılır. Ölkədə baramaçılığın inkişafı ilə əlaqədar olaraq aparılan bu tədbirlər məhsuldarlığın artmasına müsbət təsir göstərir. Dezinfeksiya tədbirləri Fogides PF (paraformaldehid) əsaslı fumiqant vasitəsi ilə təlimata uyğun olaraq həyata keçirilir. Fogides PF fumiqantı yanmaya davamlı səthdə yerləşdirməklə alovlandırılır. Yanma-tüstüləmə 10-12 dəqiqə davam edir və kümxana daxildən qara tüstü ilə əhatə olunur. Ekspozisiya ( təsir müddəti) 8 saat təşkil edir. Tədbirin başlanmasından 12 saat sonra obyekt havalandırılır və istifadəyə verilir.
Baramaçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün AXA tərəfindən dezinfeksiya tədbirləri ilə yanaşı, ipəkqurdunun bəslənilməsi ilə bağlı fermerlərə, kümçülərə müvafiq məsləhət və tövsiyələr verilir. Eləcə də zərərverici və xəstəliklərə qarşı aparılan tədbirlərin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması fermerlərə və sahibkarlara ətraflı izah edilir. Zərərvericilərə qarşı tədbirlərin vaxtında yerinə yetirilməsi məhsul istehsalının artmasına müsbət təsir göstərir.
Zərərvericilərə qarşı aparılan tədbirlər həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl etməklə fərdi mühafizə vasitələrindən (xüsusi geyim forması – kombinezon, maska, xüsusi ayaqqabı, əlcəklər, eynəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilməsi tövsiyə olunur.