Qeyri-dövlət baytarlıq xidməti ilə məşğul olan şəxslərin nəzərinə!
2024-02-29 00:00:00
Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq tədbirlərinə cəlb olunması üçün qeyri-dövlət baytarlıq xidməti ilə məşğul olan şəxslərə dair tələblər
İxtisas tələbləri:
- Baytarlıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili
Bilməlidir:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi Qaydaları”nı;
- Baytarlıq preparatlarının tətbiqi üzrə biliklər;
- Baytarlıq-sanitariya tədbirlərinin (dezinfeksiya və dezinseksiya) aparılmasını;
- Heyvan xəstəlikləri haqqında biliklər;
- Heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvinin təşkil edilməsini;
Vəzifə funksiyaları:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 03 sentyabr tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin Siyahısı”nda (bundan sonra - Siyahı) göstərilən xəstəliklərə qarşı təsdiq edilmiş illik epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planına uyğun heyvanlar arasında peyvəndləmə tədbirlərinin həyata keçirilməsi;
- Siyahıda göstərilən xəstəliklərə görə təsdiq edilmiş illik epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planında göstərilən diaqnostik tədbirlərin icra edilməsi məqsədilə laboratoriya diaqnostikası üçün diaqnostik nümunələrin (qanın və ya patoloji materialın) götürülməsi;
- Peyvəndləmə tədbirləri başa çatdıqdan sonra həmin ərazidə baytarlıq-sanitariya tədbirlərinin (dezinfeksiya) aparılması.
Tələb olunan sənədlər:
1. Fiziki şəxslərə dair:
- Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən “Fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxsin uçota alınmasına dair” Şəhadətnamənin surəti;
- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) surəti;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Fiziki şəxsə məxsus bank rekvizitləri.
2. Hüquqi şəxslərə dair:
- Özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olmaq üçün verilən xüsusi icazənin (Lisenziya) surəti;
- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) surəti;
- Hüquqi şəxsə məxsus bank rekvizitləri.
QEYD: Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər vet@axa.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.