Heyvanlar yaylaqlara köçürülmədən öncə çimizdirilməlidir- fermerlərə tövsiyə
2022-04-29 00:00:00
“Azərbaycan Respublikası regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı” ilə ölkə ərazisində 12 rayonda (Ağcabədi, Ağstafa, Beyləqan, Goranboy, Göygöl, İmişli, İsmayıllı, Qazax, Samux, Şəmkir və Tovuz rayonlarında) kənd təsərrüfatı heyvanlarının çimizdirilməsi və qırxılması məqsədi ilə xüsusi məntəqələr tikilərək istifadəyə verilib.
Mövsümlə əlaqədar (Havalar istiləşdikcə) heyvanların yaylaqlara köç etməsi zərurəti yaranır. Odur ki, heyvandarlıqla məşğul olan fermerlərə heyvanları yaylaqlara köçürülmədən əvvəl qansoran həşərat və gənələrə qarşı çimizdirilməsi üçün yuxarıda qeyd olunan rayonlarda fəaliyyət göstərən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinə müraciət etmələri tövsiyə edilir.
Bu məqsədlə Samux rayonunun Hacıallı kənd ərazisində yerləşən məntəqədə də heyvanların qansoran həşərat və gənələrə qarşı çimizdirilməsinə başlanılıb. Fermerlərin müraciəti əsasında rayon ərazisində yaylaqlara köçürüləcək xırda və iribuynuzlu heyvanlar Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin mütəxəssislərinin nəzarəti altında çimizdirilir və hazırda tədbirlər davam etdirilir.
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin mütəxəssisləri tərəfindən fermerlərə bir sıra tövsiyələr verilib:
- yaylaqlara köçürüləcək heyvanlar əvvəlcə baytar həkimi tərəfindən kliniki müayinədən keçirilməli , lazımi baytarlıq- sanitariya tədbirləri və peyvəndlər aparılmalıdır.
- heyvanların çimizdirilməsi aparılan zaman mütləq şəkildə baytar həkiminin iştirakı, nəzarəti, göstərişi və tövsiyəsi ilə qansoran həşərat və gənələrə qarşı profilaktik tədbirlərin aparılması məqsədəmüvafiqdir.