Məsləhət xidmətlərinin təkmilləşdirilməsi üzrə təlimçilərin hazırlanması proqramına başlanılıb
2023-10-19 00:00:00
Aqrar Təlim Mərkəzi ilə Almaniyanın qabaqcıl “Steinbeis–Transferzentrum OST-WEST-Koorperationen” şirkəti arasında bağlanmış “Məsləhət xidmətlərinin təkmilləşdirilməsi üzrə təlimçilərin hazırlanması” müqaviləsi çərçivəsində şirkət tərəfindən cəlb olunmuş beynəlxalq və yerli məsləhətçilərlə təlimçilərin təlimləndirilməsi (ToT) proqramına başlanılıb. Təlimlər Bakı və bölgələr üzrə Mərkəz və onun yerli qurumlarında baytar və aqronom ixtisası üzrə fəaliyyət göstərən təlimçilərin təkmilləşdirilməsi, həmçinin fermerlərin bilik və bacarıqlarının artırılması üçün nəzərdə tutulub. Türkiyənin Qafqaz Universitetinin baytarlıq üzrə professoru Cihan Kaçar və Siirt Universitetinin aqronom, professoru Nizaməddin Turan tərəfindən aparılan təlimlərdə baytarlıq, heyvan sağlamlığı, süni mayalandırma, embrion köçürmə texnologiyasının üstünlükləri və yem bitkilərinin yetişdirilməsi, dənli-paxlalı bitkilərin aqrotexniki qulluq qaydalarına əməl olunması mövzularında geniş və ətraflı məlumatlar verilir. Eyni zamanda təlimçilər aqrar iqtisadiyyat, fərdi sahibkarlıq, biznes plan və onun hazırlanması, aqrar sahədə rəqabətlilik, aqrar investisiya və aqrar marketinq, bazara çıxış metodları və s. mövzular üzrə də maarifləndirilib. Tədbirlər davam etdirilir.