MONİEZİOZ XƏSTƏLİYİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ
2021-06-07 00:00:00
Ümumi məlumat: Kənd təsərrüfatı heyvanlarından iri və xırda buynuzlu heyvanların bağırsaqlarında parazitlik edən və moniezia adlanan yastı qurdlar tərəfindən törədilən moniezioz xəstəliyidir.
Moniezioz əsasən ot örtüyü olan yarımsəhra tipli otlaqlarda daha geniş yayılır.
Quzular, buzovlar və balaqlar əsasən ferma ətrafı otlaqlarda yoluxurlar. Yoluxma bütün il boyu gedə bilər, noyabr və dekabrda doğulmuş quzular əsasən qış aylarında yoluxurlar.
Xəstəliyə, adətən ay yarımlıqdan 8 aylığa qədər olan cavan heyvanlar tutulur. Yaşlı heyvanlarda invaziyanın aşkar edilməsinə baxmayaraq bu xəstəlik nəticəsində ölüm halları az təsadüf edilir.
Əlamətləri:
köpmə
qarın nahiyəsinin sallanması
tez-tez su içmə
titrəmə
çırpınma
sinir pozğunluğu
süstləşmə
arıqlıq
dişlərin qıcanması
başlarını döş və qarın nahiyəsinə çevrilmə
inkişafdan qalma.
Profilaktikası: Monieziozla yoluxmanın qarşısını almaq məqsədilə quzu və buzovlar xüsusi ayrılmış otlaq şəraitində, birillik və çoxillik bitkilər əkilən otlaqlarda otarılmalıdır. Monieziozla xəstələnmənin, moniezia yumurtalari ilə otlaqların çirklənməsinin və yeni yoluxma mənbəyinin qarşısını almaq məqsədi ilə moniezialar bağırsaqda yetkin mərhələyə çatmamış dərmanlanma aparılmalıdır.
Hər bir bölgədə, təsərrüfatda epizootoloji göstəricilər əsasında moniezioza qarşı dehelmintizasiyaların aparılması vaxtları və təkrarlanması yerli baytar işçilərinin məsləhəti nəzərə alınmaqla həyata keçirilməlidir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, heyvanlarda moniezioz xəstəliyinə qarşı profilaktika və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.