Neftçalanın qış yataqlarında dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılıb
2020-10-09 00:00:00
Yaz aylarında yaylaqlara aparılan heyvanlar havaların soyuması ilə əlaqədar dağlıq ərazilərdən qış yataqlarına qaytarılır. Sürülər yol gələnə kimi heyvanların qışı keçirəcəyi tövlələr, yataqlar sahibkarlar tərəfindən mexaniki təmizlənir, baytar həkimlərinin tövsiyə və iştirakı ilə həmin yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılır.
Belə tədbirlərdən biri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin(AXA) Neftçala Rayon Baytarlıq İdarəsinin baytar mütəxəssisləri tərəfindən Neftçala rayonunda yerləşən Kənd Təsərrüfatı Nazirliyinin "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus qış yataqlarında yerinə yetirilib. Tədbir Lerik rayonunun yaylaqlarında bəslənən 4500 baş xırdabuynuzlu heyvanların qışlayacağı hər biri 600 kvadratmetr ərazini əhatə edən 4 fermada aparılıb. Əraziyə 1 %-li almerdehyde dezinfeksiya məhlulları DUK maşınları və avtomatik çiləyicilər vasitəsi ilə güclü axın şəkilində səpilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, bu tədbirlər yaylaqdan dönən heyvanların müxtəlif iti yoluxucu və invazion xəstəliklərdən qorunması məqsədi ilə aparılır və sürünün sağlamlığına xidmət edir. Məhz bu səbəbdən təsərrüfat rəhbərləri və heyvan sahibləri qışlaq ərazilərdə və heyvanların qışı keçirəcəkləri tövlələrdə mexaniki təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılmasına xüsusi diqqət göstərməlidirlər.
Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Hazırda ölkə ərazisində epizootik durum sabitdir və lazımi təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.