Astara rayonunda peyvəndləmə tədbirləri davam etdirilir
2021-08-03 00:00:00
Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə, müalicə və dezinfeksiya işlərini davam etdirir. Tədbirlər “Azərbaycan Respublikası üzrə 2021-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun həyata keçirilir.
AXA bildirir ki, 2021-ci ilin yanvar ayından Astara rayonu ərazisində saxlanılan heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Daha sonra iribuynuzlu heyvanlar arasında dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlar arasında dabaq, çiçək, quşlar arasında arasında nyukasl, it və vəhşi heyvanlar arasında quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri ilə davam etdirilib.
Cari ilin 7 ayı ərzində Astara rayonunu əhatə edən təsərrüfatlarda 35408 baş iribuynuzlu, 22304 baş xırdabuynuzlu və 878 baş təkdırnaqlı heyvanlarda qarayara, 37646 baş iribuynuzlu və 20628 baş xırdabuynuzlu heyvanlarda dabaq, 2861 baş iribuynuzlu və 4419 baş xırdabuynuzlu heyvanlarda bruselyoz, 50 min baş quşda nyukasl, 16118 baş xırdabuynuzlu heyvanlarda çiçək, 37390 baş iribuynuzlu heyvanlarda leptospiroz, 2971 baş itdə, 5 baş ana qoyunda, 3 baş qoçda 6 baş pişikdə quduzluq və 37390 baş iribuynuzlu heyvanlarda nodulyar dermatit xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb. Eyni zamanda 142 baş təkdırnaqlı heyvanlarda manqoya və 2583 baş iribuynuzlu heyvanda vərəmə görə allergik müayinə həyata keçirilib. Eləcə də 428 baş iribuynuzlu heyvanlardan bruselyoza görə qan nümunələri götürülərək müvafiq laboratoriyalara göndərilib. Həmçinin vəhşi heyvanlarda oral immunizasiya məqsədi ilə kəndətrafı meşə ərazilərinə və sahibsiz itlərin toplandığı yerlərə 3 min doza miqdarında tələ yemi qoyulub.
Cari ilin 7 ayı ərzində qan-parazitar xəstəliyi aşkar edilən 83 baş iribuynuzlu, 5 baş xırdabuynuzlu heyvanlarda baytar mütəxəssisləri tərəfindən müalicə tədbirləri həyata keçirilib və heyvanların sağlamlığı təmin edilib. Eləcə də 102 iribuynuzlu heyvanlarda yoluxmayan xəstəliklərə görə müalicə və 3 baş iribuynuzlu heyvanlarda çimizdirilmə işləri aparılıb. Eyni zamanda rayonun baytar mütəxəssisləri tərəfindən 1 baş heyvanda helmintozlara qarşı işləmələr aparılaraq, 16 baş ev quşundan askaridioz, 32 baş iribuynuzlu və 28 baş xırdabuynuzlu heyvandan diktiokaulyoz, 41 baş iribuynuzlu və 37 baş xırdabuynuzlu heyvanlardan fassilyoz, 15 baş xırdabuynuzlu heyvanlardan monezioz və 13 baş iribuynuzlu heyvanlarda tizaniezioza görə götürülən kal nümunələrində koproloji müayinələr aparılaraq müvafiq müalicə işləri həyata keçirilib.
Müvafiq dövr ərzində Astara rayonunda aparılan peyvəndləmə və müalicə tədbirləri ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya tədbirləri də həyata keçirilib. Rayonda baytar mütəxəssisləri tərəfindən peyvəndləmə aparılan 21260 kvadratmetr ərazidə məcburi dezinfeksiya işləri həyata keçirilib.
Hazırda və gələcək aylarda da Astara rayonunda epizootik tədbirlər planına uyğun iribuynuzlu heyvanlarda qarayara, dabaq, bruselyoz, nodulyar dermatit, itlərdə quduzluq, xırdabuynuzlu heyvanlarda çiçək və leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssislər tərəfindən fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında maariflənmə işləri həyata keçirilir.
AXA bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabitdir.