QUŞLARDA YUMURTA MƏHSULUNUN AZALMASI SİNDROMU-Mütəxəssis tövsiyəsi
2020-06-13 00:00:00
İstər fərdi təsərrüfatlarda, istərsə də sənaye əsaslı broyler təsərrüfatlarında yumurta məhsulunun azalması iki qrup xəstəliklər zamanı baş verir:
-ətlik cücələri (broyler) və anac toyuqları xəstələndirən hemaqqlyutinasiya xassəsinə malik olmayan adenovirusların 1,2, 4, 5, 6, 7, 8 və 9 saylı serotipləri;
-aqqlyutinasiya edici virus tərəfindən törədilən YAS-76 (yumurtanın azalma sindromu) xəstəliyi, hansı ki, quşçuluq təsərrüfatlarına birinci qrup xəstəliklərə nisbətən daha çox zərər verir.
Hər iki qrup xəstəliklər yumurta məhsulunun müxtəlif dərəcədə azalması, yumurtanın forma və keyfiyyətlərinin (qabıqsız yumurta, qabığı zəif dekalsinasiya olmuş yumurta), qabığının, rənginin dəyişməsi və zülalın keyfiyyətinin pisləşməsi ilə səciyyələnirlər.
Törədiciləri: Ördək, qaz, sesarka, qırqovul, toyuq, göyərçin və tutu quşlarından ayrılmış adenovirusların müxtəlif tipləridir. Qeyd etmək lazımdır ki, toyuqlardan ayrılmış virus hinduşka və qırqovullarda da xəstəliyi törədir. Bu vəziyyət belə bir nəticəyə gəlməyə əsas verir ki, ayrı-ayrı quş növlərindən ayrılmış virus ştammlarını ancaq onlara aid etmək düzgün deyildir. Ona görə ayrılmış ştammları spesifik tip antigenlərinə görə ayırmaq daha məqsədəuyğundur.
Adenovirusların zülal strukturlarında 10-dan artıq protein müəyyən edilibdir. YAS-76 virusunda 16 ədəd müxtəlif zülal aşkar edilmişdir. Bu adenoviruslar qrupundan quş eritrositlərini aqqlyutinasiya edən yeganə virusdur. YAS-76 virusu 65°C-də 30 dəqiqəyə tam inaktivləşir. O mühitin pH-nın dəyişməsinə çox davamlıdır. Özü də onun rezinstentliyi qələvi mühitdə turş mühitə nisbətən daha yüksəkdir.
Quşların xəstəliyə həssaslığı müxtəlifdir: adenoviruslarm çöl və ev ördəkləri arasında geniş yayılmasına baxmayaraq onlar xəstələnmirlər. Ətlik quşlar daha həssasdırlar. Anac toyuqlar çox vaxtı yumurta məhsulunun ən yüksək həddə çatdığı dövrdə - 23-35 həftəlik yaşda xəstələnirlər.
Epizootologiyası: Adenovirusların əsas yayılma yolu vertikaldır, horizontal və kontakt yolları az əhəmiyyət kəsb edir. Toyuqlar döşəmə üstündə saxlandığı hallarda xəstəlik daha tez yayılır.
Broylerlər potensial infeksiya mənbəyidirlər. Adenovirus infeksiyası vaxtı yumurta məhsulunun azalması əksər hallarda adenovirusların infeksion bronxit virusu, respirator mikoplazmoz törədicisi ilə assosiasiyası nəticəsində baş verir.
Patogenezi: Hələlik tam öyrənilməyib. Yoluxmadan sonra viremiya başlayır. Virus həzm traktmda çoxalır və peyinlə ixrac olur. O həm də embrion vasitəsi ilə də yayılır, lakin yoluxmuş və yoluxmamış embrionlar arasında nisbət aşağıdır. Yoluxmuş yumurtadan çıxan cücələrdə əkscismlər əmələ gəlmir, lakin onlar bir neçə gün ərzində virusu xaricə ifraz etməklə öz həmyaşıdlarını yoluxdururlar, onlarda əkscismlər yaranır və böyüdükdən sonra məhsul verən vaxtı yumurlanın azalması sindromu müşahidə olunmur.
Belə fərdlər yumurtlama dövrü başlayanda virusu yayırlar. Xəstəliyin kliniki nişanələri əkscisimlərin titrindən asılıdır. Titr aşağı olduqda xəstəlik iti formada başlayır və yumurta məhsulu kəskin azalır. Əgər binadakı quşların 5-50 %-də əkscismlər varsa onda quşlar təkrar yoluxmaya davamlı olurlar, xəstəlik ona görə də zəif yayılır.
Kliniki nişanələri: Xəstəliyin səciyyəvi əlamətləri yoxdur. İştahanın azalması, tüklərin pırpızlaşması, diareya, bir qədər sonra pipik və saqqalın göyərməsi müşahidə olunur. 2-3 həftə müddətində depiqmentasiya, deformasiya olmuş, bəzən qabıqsız və digər deffektlərə malik yumurtaların istehsalı əsas əlamətlərdəndir. Yumurtanın zülalı duru və bulanıq olur. Yumurta məhsulu 5-6 həftə müddətində tədricən azalmaqla 30%-ə çatır. Bundan sonra məhsuldarlıq qəfəsdə saxlanan quşlarda tədricən bərpa olunur, döşəmə üstündə saxlanan toyuqlarda isə bərpa olunmur.
Patoloji-anatomiki dəyişiklikləri. Yumurtalıqlar atrofıya olur, qan sağıntıları aşkar edilir. Ölmüş cücələrdə qanqrenozlu dermatit müşahidə olunur.
Mübarizə tədbirləri və profilaktikası: İnkubatorda baytarlıq-sanitariya qaydalarına ciddi əməl etmək lazımdır. Profilaktika üçün səmərəli inaktivasiya olunmuş vaksinlər mövcuddur. Onları təlimatlarına müvafiq tətbiq etmək lazımdır.