Heyvanlar yaylaqlara necə aparılmalı?- Fermerlərə tövsiyə
2023-05-04 00:00:00
Yazın son ayından başlayaraq heyvanların yaylaqlara aparılmasına başlanılır. Bu zaman heyvanların sağlam olması və qısa müddətdə təyin olunmuş yerə, yəni yaylaqlara çatdırılması vacib şərtlərdən biridir. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzi aşağıda göstərilənlərə əməl olunmasını tövsiyə edir:
· xəstə və arıq heyvanların sağlamlarla birlikdə köçürülməsinə yol verilməməlidir;
· köçürüləcək heyvanlar əvvəlcə klinik müayinədən keçirilməli sonra lazımi baytarlıq-sanitariya tədbirləri və peyvəndlər aparılmalıdır;
· köçə hazır olmayan arıq, axsaq, qoca heyvanlar seçilərək sürüdən ayrılmalıdır;
· xroniki infeksion xəstəliklərə tutulmuş (vərəm, bruselyoz, infeksion anemiya və s.) heyvanlar yaylağa köçürülə bilməz;
· köç yolunda baş vermiş infeksiyanın yayılmasının qarşısını almaq üçün bütün tədbirlər görülməli, yolda xəstə heyvanların sağlam heyvanlar ilə bir yerdə olmasına yol verilməməlidir;
· köç zamanı sürüdən geri qalan heyvanların (axsaq, yorulmuş, zədələnmiş) nəqliyyat vasitəsi ilə daşınması təşkil edilməlidir;
· köçürüləcək sağlam heyvanlar üçün əvvəlcədən həm də yem ehtiyatı yaradılmalıdır;
· Heyvanların nəqliyyatsız qısa məsafələrə aparılması və ya yaylaq otlaq şəraitinə köçürülməsinə hazırlıq işləri elə təşkil edilməlidir ki, onlar yolda öz çəkilərini və məhsuldarlıqlarını itirməsinlər.
Heyvanları köçürməzdən əvvəl köç (yol) marşrutu xəritəsi müəyyən edilir. Heyvanlar ancaq əvvəlcədən müəyyən edilmiş marşrutla hərəkət etməlidirlər. Müayinə, yoxlamaq və ya istirahət vermək üçün öncədən müəyyən edilmiş məntəqələrdə saxlanır. Köç marşrutu, dincəlmə məntəqələri baytar işçiləri və ərazi icra nümayəndələri tərəfindən təyin edilir. Dincəlmə məntəqələrində heyvanlar gecələyir, istirahət edir, suvarılır, yemlənir və baytarlıq müayinəsindən keçirilir. Yolda köçürülən heyvanların başqa (digər sürülər, yerli heyvanlar) heyvanlarla qarışmasına yol verilməməlidir.
Heyvanların aparıldığı istiqamətdəki yol və dincəlmə məntəqələri yoluxucu və invazion xəstəliklərə görə sağlam olmalıdır. Kök zamanı xəstəlik və ya ölüm hadisəsi baş verdikdə baytar həkimi çağırılmalı və müvafiq mübarizə tədbirləri görülməlidir.
Heyvanların yaşından asılı olaraq hərəkət sürəti və otarma planı tərtib edilir. Ot çox olan yerlərdə heyvanların sürəti azaldılır, ot az olan yerlərdə isə artırılır. Yol gedən heyvanlara hər 5 gündən bir 1,5-2 gün istirahət verilməlidir. İstirahət üçün su mənbəyi və yaxşı otlu sahə seçilməlidir. Dincəlmə məntəqəsinə çatdıqdan 1,5-2 saat sonra heyvanlar suvarılmalıdır. İsti və bürkülü havalarda dincəlmə yeri bir qədər hündür və kölgəlik sahələrdə seçilməlidir.
Bir yerdən başqa yerə aparılan sürü və ya ilxı müvafiq avadanlıqla (vedrə, bağlama vasitələri, qoşqu ləvazimatları, balta və s.), nəqliyyatla (avtomobil, araba), ilkin baytarlıq yardımı üçün dərman vasitələri və duzla təmin edilməli, heyvanlar yaxşı və təhlükəsiz yerlərlə aparılmalıdır.
Bildiririk ki, AXA-nın baytar həkimləri yaylaqlara qalxan heyvan sürülərinin düşərgələrində “səyyar baytarlıq xidməti” təşkil edir və yaylaqlarda olurlar. Keçirilən görüşlərdə təsərrüfat sahiblərinə və çobanlara həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə tövsiyələr verilir.