İmişli rayonunda cari ilin profilaktik baytarlıq tədbirləri davam etdirilir
2021-10-05 00:00:00
Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, 2021-ci ilin yanvar ayından İmişli rayonu ərazisində saxlanılan heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Daha sonra iribuynuzlu heyvanlar arasında dabaq, nodulyar dermatit, bruselyoz, xırdabuynuzlu heyvanlar arasında dabaq, çiçək, it və vəhşi heyvanlar arasında quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilib. Tədbirlər İmişli rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən “Azərbaycan Respublikası üzrə 2021-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun həyata keçirilir.
Artıq İmişli rayonunda epizootik tədbirlər planında nəzərdə tutulan xüsusi təhlükəli xəstəliklərdən olan iri və xırdabuynuzlu heyvanlar arasında qarayara, iribuynuzlu heyvanlar arasında infeksion nodulyar dermatit, leptospiroz, iri və xırdabuynuzlu heyvanlar arasında bruselyoz, xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinə qarşı peyvəndləmə işi yekunlaşıb. Belə ki, cari ilin 9 ayı ərzində İmişli rayonunu əhatə edən təsərrüfatlarda 83053 baş iribuynuzlu, 203231 baş xırdabuynuzlu və 1214 baş təkdırnaqlı heyvanlarda qarayara, 6027 baş sahibli itlərdə quduzluq, 82208 baş iribuynuzlu və 216931 baş xırdabuynuzlu heyvanlarda dabaq, 14698 baş iribuynuzlu və 68762 baş xırdabuynuzlu heyvanlarda bruselyoz, 201236 baş xırdabuynuzlu heyvanlarda çiçək, 4906 baş iribuynuzlu heyvanlarda leptospiroz və 83842 baş iribuynuzlu heyvanlarda nodulyar dermatit xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb. Eyni zamanda 196 baş təkdırnaqlı heyvanlarda manqoya və 5849 baş iribuynuzlu heyvanda vərəmə görə allergik müayinə həyata keçirilib. Eləcə də 10 baş toyuq və digər quşlardan “quş qripi”nə görə qan və patoloji material, 510 baş iribuynuzlu və 71 baş xırdabuynuzlu heyvanlardan bruselyoza görə qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Həmçinin vəhşi heyvanlarda oral immunizasiya məqsədi ilə kəndətrafı meşə ərazilərinə və sahibsiz itlərin toplandığı yerlərə 2 min doza miqdarında tələ yemi qoyulub.
Cari ilin 9 ayı ərzində qan-parazitar xəstəliyi aşkar edilən 277 baş iribuynuzlu, 107 baş xırdabuynuzlu heyvanlarda baytar mütəxəssisləri tərəfindən müalicə tədbirləri həyata keçirilib və heyvanların sağlamlığı təmin edilib. Eləcə də 809 baş iribuynuzlu, 559 baş xırdabuynuzlu heyvanlarda, 2400 baş quşda və 19 baş atda yoluxmayan xəstəliklərə görə müalicə işləri aparılıb. Eyni zamanda rayonun baytar mütəxəssisləri tərəfindən 268 baş iribuynuzlu və 330 baş xırdabuynuzlu heyvanlarda profilaktik çimizdirmə işləri həyata keçirilib.
Müvafiq dövr ərzində İmişli rayonunda aparılan peyvəndləmə və müalicə tədbirləri ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya tədbirləri də həyata keçirilib. Rayonda baytar mütəxəssisləri tərəfindən vətəndaşların müraciəti əsasında 35283 kvadratmetr ərazidə ödənişli profilaktik, peyvəndləmə aparılan 110320 kvadratmetr ərazidə isə məcburi dezinfeksiya işləri aparılıb.
Qarşıdakı aylarda isə iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri tərəfindən fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirilir.
AXA bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabitdir.