Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
2023-06-24 00:00:00
Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Ekspertiza Laboratoriya və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqlar istehsal şöbəsi tərəfindən respublikanın pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasının birinci nəslinə qarşı mübarizə tədbirləri həyata kecirilir. Fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb. Belə ki, Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən aparılan müşahidələrə əsasən pambıq sovkasının birinci nəslinin yumurtalarına qarşı Sabirabad rayonunda “Azərpambıq” MMC-yə məxsus olan 3000 hektar, Saatlı rayonunda 2400 hektar, Agcabədi rayonunda 4000 hektar pambıq sahəsində trixoqramma ilə bioloji mübarizə tədbirləri aparılıb.
Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqlar istehsal şöbəsində çoxaldılır və tarlalara buraxılır.
Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub 0,5-0,8 mm uzunluğundadır. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi və.s ) yumurtasının daxilinə qoyur. Həşəratın hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxilini yeyərək məhv edir. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərzində başa çatır.
Zərərverici orqanizmlərin hər nəslinə qarşı 3-4 dəfə və hər hektara 60-70 min fərd olmaqla trixoqrammanın tətbiqi nəzərdə tutulur.
Trixoqramma vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bioloji mübarizədən istifadə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur ki, nəticədə keyfiyyətli və təhlükəsiz məhsul əldə olunur.
Bioloji mübarizə tədbirləri davam etdirilir.
Meyvə bitkilərində dəmgil xəstəliyi...