Payızlıq əkinlərdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir
2021-12-17 00:00:00
Aqrar Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən cari ilin sentyabr ayından başlayaraq respublikanın əkin və bağ sahələrində xüsusi təhlükəli, karantin tətbiq edilən və digər tənzimlənən zərərvericilərlə bağlı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.
Siçanabənzər gəmiricilərlə bağlı respublikanın əsasən şimal və şimal-qərb, həmçinin işğaldan azad olunmuş rayonlarının ərazilərində ümumilikdə 188,1 min hektar sahədə müşahidələr aparılmış, 90,9 min hektar sahədə sirayətlənmə aşkarlanmış və 59,9 min hektar sahədə mübarizə tədbirləri həyata kecirilmişdir. Siçanabənzər gəmiricilərlə ən çox sirayətlənmə şimal-qərb bölgəsində -Tovuz, Şəmkir və Samux rayonu ərazilərində aparılan əkinlərdə müşahidə edilmişdir. Quba, Qusar, İsmayıllı, Göygöl və Goranboy rayonlarının ərazilərində bu dövrdə qeyd olunan zərərvericiyə qarşı aparılan mübarizə işlərinin həcmi 9,4 min hektar təşkil etmişdir.
Bu mövsüm işğaldan azad olunmuş rayonların - Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının ərazilərində də intensiv müşahidə və mübarizə tədbirləri həyata keçirilmişdir. İşğal altında qalmış rayonların əraziləri uzun müddət fitosanitar nəzarətdən kənarda qaldığından bu ərazilərdə siçanabənzər gəmiricilərin populyasiyalarının kəskin artması müşahidə olunmuşdur. Bu günə kimi işğaldan azad edilmiş yuxarıda qeyd olunan rayonların ərazisində əkin strukturuna daxil edilmiş sahələrdə və əkinətrafı ərazilərdə 33,5 min hektar sahədə siçanabənzər gəmiricilərlə bağlı fitosanitar müşahidələr aparılmış, 28,3 min hektar sahədə sirayətlənmə müşahidə edilmiş və 16,9 min hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Respublikanın payızlıq taxıl əkini sahələrində fitosanitar sabitliyin qorunması məqsədi ilə hazırda Agentliyin aidiyyəti yerli qurumları tərəfindən fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, siçanabənzər gəmiricilər kütləvi artıb çoxaldığı illərdə kənd təsərrüfatı üçün böyük təhlükə törədir. Odur ki, onların miqdarını müəyyən etmək, aparılacaq mübarizə tədbirlərinin həcmini proqnozlaşdırmaq, aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması vacibdir. Siçanabənzər gəmiricilərin artıb çoxalması üçün optimal temperatur 10-25oC-dir. Havanın temperaturu yüksək olduqda yaşlı fərdlər istilərə dözməyərək məhv olur, kiçik yaşlı fərdlər isə yaşlılara nisbətən istiyə daha çox davamlıdırlar. Bunun əksinə olaraq havanın şaxtalı olduğu dövrdə yaşlı fərdlər davamlı, cavan fərdlər isə davamsız olur. Bu səbəbdən şaxtalı havalarda cavan fərdlərin kütləvi məhv olması baş verir. Böyük bədən ölçülü istiqanlılara nisbətən siçanabənzər gəmiricilər fərqli bioloji orqanizm olaraq yaşamaq üçün daha çox enerji sərf edir. Bu səbəbdən onların daha çox qidalanmasına ehtiyac yaranır.
Zərərvericiyə qarşı mübarizədə aqrotexniki tədbirlərin rolu böyükdür. Belə ki, əkin sahələrində məhsulun vaxtında və itkisiz yığılması, bitki qalıqlarının sahədən təmizlənməsi, sahənin vaxtında şumlanması, becərilməsi, sualtı əkinlərdə sahələrin vaxtında suvarılması, həmçinin əkinətrafı ərazilərin bellənməsi və ya şumlanması siçan populyasiyalarının artmasının qarşısının alınmasında mühüm rol oynayır.
Zərərvericinin yeni ərazilərə yayılması və ən çox saya malik pik mərhələsində kimyəvi mübarizə üsuldan istifadə edilir. Respublikamızda son illər siçanabənzər gəmiricilərə qarşı əsasən Sink-fosfid preparatı tətbiq olunur.