Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır
2019-12-16 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində epizootik tədbirlər davam etdirilir.
Xaçmaz rayonunda epizootik sabitliyi qorumaq məqsədi ilə 2019-cu il üçün təsdiq edilmiş “Epizootiya əleyhinə profilaktika və müalicə-diaqnostika tədbirlər” planına uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib. Artıq rayonda cari ilin epizootiya əleyhinə profilaktik tədbirlər yekunlaşır. Belə ki, cari ilin müvafiq dövrü ərzində Aqrar Xidmətlər Agentliyi Xaçmaz Rayon Baytarlıq İdarəsi tərəfindən 59608 baş iribuynuzlu, 70004 baş xırdabuynuzlu, 2500 baş təkdırnaqlı heyvanda və 230 baş donuzda qarayara, 104044 baş iribuynuzlu, 140 min baş xırdabuynuzlu heyvanda dabaq, 230 baş donuzda klassik taun, 52 min baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 27830 baş iribuynuzlu heyvanda leptospiroz, 104790 baş xırdabuynuzlu heyvanda çiçək, 7231 baş xırdabuynuzlu heyvanda (Rev-1), 5046 baş iribuynuzlu heyvanda (S-19) bruselyoz, 6500 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 543882 başda “La-sota” vaksini, 384578 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılaraq epizootik sabitlik qorunub.
Həmçinin, Xaçmaz rayonunda həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 6314 baş iribuynuzludan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Bununla yanaşı, Xaçmaz rayonunda vərəmə görə 7325 baş iribuynuzlu, manqoya görə 1500 baş təkdırnaqlı heyvan diaqnostik müayinəyə cəlb olunub. Eləcə də 4200 baş toyuq askaridoza, 1400 baş iri və xırdabuynuzlu heyvalarda diktikaulyoza, fassilyoza, monezioza, tizaniezioza görə kaproloji müayinə aparılb, 51200 baş iribuynuzlu və 9441 baş xırdabuynuzluda ektoparazitlərə qarşı çimizdirmə tədbiri həyata keçirilib.
Xaçmaz Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində 83 obyektdə 176921 kvadratmetr ərazidə profilaktik dezinfeksiya, 5 obyektdə 7116 kvadratmetr ərazidə məcburi dezinfeksiya tədbirləri yerinə yetirilib. Aparılacaq tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Rayon ərazisində aparılan tədbirlərlə yanaşı, mütəmadi olaraq fermerlər və sahibkarlar arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri həyata keçirilib. Hazırda Xaçmaz rayonunda xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiya tədbirləri davam etdirilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.