Şəki rayonunda fermerlərə təlim keçirilib
2022-09-28 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki Rayon Mərkəzinin mütəxəssisləri tərəfindən 2023-cü ilin məhsulu üçün 2022-ci ilin payızında səpiləcək payızlıq taxıl toxumlarının təmizlənməsinə, kondinsiyaya çatdırılmasına və geniş spektrli insekto-fungisidlərlə dərmanlanmasına xüsusi diqqət yetirilir. Bu günədək rayon üzrə 1250 ton toxum Toxum Emalı Zavodunda təmizlənmiş, xəstəlik və czərərvericilərə qarşı kompleks şəkildə dərmanlanmışdır. Dərmanlamada imidacloprid, klotianidin, tiabendazol və tebuconazol tərkibli preparatlardan istifadə edilmişdir. Hazırda dərmanlama prosesi davam edir. Bununla yanaşı fermerlər tərəfindən rayonun dəmyə əkin ərazilərində müasir tipli toxum dərmanlayan aparatlardan istifadə olunmaqla toxumların kompleks dərmanlanması həyata keçirilir. Bununla əlaqədar olaraq fermerlərə Şəki Toxum Emalı Zavodunda “Taxıl toxumlarının dərmanlanması sahələrdə fitosanitar sabitliyin yaranmasında başlıca amildir” mövzusunda AXA-nın BMFM-nın Şəki Rayon Mərkəzinin təşkilatçılığı ilə təlim keçirilib. Təlimdə Şəki Regional Təlim Mərkəzinin əməkdaşları, fermerlər iştirak etmiş və onları maraqlandıran suallar ətraflı izah edilmişdir. Təlimdə iştirakçılar həmçinin, Toxum Emalı Zavodunda toxumun dərmanlanması prosesi ilə tanış olublar.
Bildiririk ki, torpaqda saysız-hesabsız patogen mikroorqanizmlər vardır. Bunlardan fuzarium və helmintasporium mənşəli kök çürüməsi xəstəliklərinin törədicilərini misal göstərmək olar. Dərmanlanmamış toxum səpdikdə qeyd etdiyimiz patogen mikroorqanizmlər toxuma nüfuz edir və yeni əmələ gələn cücərtilərin xəstələnərək məhv olmaqla sahədə seyrəkliyin əmələ gəlməsinə səbəb olur. Odur ki, səpinqabağı bütün toxumlar (buğda, arpa, qarğıdalı, günəbaxan, kartof, soğan, sarımsaq, soya, qarpız, yemiş, xiyar, pomidor və s.) mütləq dərmanlanmalıdır. Toxumların dərmanlanması nəinki onları torpaq infeksiyalarından mühafizə edir, eyni zamanda vegetasiya müddətində əmələ gələn aerogen infeksiyalardan da qismən mühafizə edir. Xüsusilə, pas xəstəliklərinin əmələ gəlmə riskini 25-30 % aşağı salır.
Toxumların dərmanlanması üçün tebuji (60 g/L Tebuconazole), divident (Difenokonazol 50 qr/l Siprokonazol 6,3 qr/l), raksil (60 g/L Triazol, selestop (262,5 q/l tiametoksam25 q/l difenokonazol 25 q/l fludioksonil) 1.2-1.5 l/ton, korban 25 (Хlorpirifos etil 250 qr/kq) 2-4 kq/ton, lamador (250 q/l protiokonazol + 150 q/l tebukonazol) 0,5 kq/ton, tabu NEO (İmidakloprid - 400 q / l+Clothianidin - 100 q / l 0,8-1 kq/ton), dursban (Хlorpirifos 480 qr/l) 2-4 kq/ton, İmidaşans-C ( 200 qr/l imidakloprid) 0,3-1,2 kq/ton, Şansometoks Trio (262,5 q/l tiametoksam + 25 q/l difenokonazol + 25 q/l fludioksonil) 0,4-1,5 kq/ton, Dvd Şans (Difenokonazol 30q/l+siprokonazol 6.3 q/l) 0,75-1,5 kq/ton preparatlarından istifadə etmək tövsiyə olunur. Qeyd olunan preparatların bir hissəsi xəstəliklərə qarşı ( sürmə, kök və kök boğazının çürüməsi), bir hissəsi isə torpaq zərərvericilərinə qarşı ( məftil qurdu, taxıl sovkası, taxıl böcəyinin sürfələri və s.) tətbiq edilir. Məsələn, tebuji 0.5 l/ton + promise-70 2.0 kq/ton, yaxud divident 1.0 l/ton + korban-25 2-4 kq/ton formada tətbiqi (işçi məhlul 1 ton toxuma 10-12 litr su hesabı ilə) toxumların xəstəlik və zərərvericilərdən uzun müddət (2 ay müddətində) mühafizə edir. Yuxarıda qeyd edilən selestop preparatı isə 3 müxtəlif təsiredici maddalərdən kombinə edilmiş, toxumları xəstəlik və zərərvericilərdən mühafizə etməklə “viqor effektə” (həyat gücünə) malikdir. Yuxarıda adları qeyd olunan preparatlar rayonun iri fermer təsərrüfatlarında son illər geniş tətbiq olunmaqla yüksək bioloji effektliyi təmin etmişdir.
Toxumların dərmanlanmasında bioloji aktiv preparatlardan (biostim, biostim zernovoy, qumat, izabion, fulcan, evrofun, biocib və s.) istifadə olunması toxumun cücərmə enerjisini yüksəldir, sahədə çıxış alındıqdan sonra məhsuldar zoğların sayını artırır, kollanma düyünlərində şəkərin daha çox toplanmasına səbəb olur. Nəticədə belə cücərtilər qışı normal keçirir, xəstəliklərə qarşı davamlılıq artır, mühit amillərinin təsirindən yarana biləcək stress faktorlarının qarşısı alınır və sağlam zoğların hesabına yüksək məhsuldarlıq əldə edilir.