Goranboy rayonunda profilaktik tədbirlər davam etdirilir
2020-09-21 00:00:00
Ölkəmizdə epizootik durum sabitdir. Bu sabitliyi qoruyub saxlamaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən mal-qara arasında yayıla biləcək xüsusi təhlükəli xəstəliklərə qarşı müalicə-profilaktika tədbirləri davam etdirilir. Goranboy rayonunda da bu tədbirlər uğurla icra olunur. Epizootik tədbirlərin aparılması və “Soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımı vaksinlərlə, müalicə dərmanları, dezinfeksiya, dezinseksiya maddələri, müxtəlif növ baytarlıq avadanlıq və ləvazimatları, xüsusi geyim vasitələri və sairə ilə təmin olunublar.
Əsasən kənd təsərrüfatı rayonu olan Goranboy rayonunda heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Bunun üçün mal-qaranın cins tərkibi süni mayalanma və xarici ölkələrdən gətirilən damazlıq heyvanların hesabına yaxşılaşdırılır. Mal-qaranın xəstəliklərdən qorunması daim diqqət mərkəzindədir. Hazırda da heyvandarlıq təsərrüfatlarında qarayara, bruselyoz xəstəliklərinə, eləcə də quşlarda nykasl xəstəliyinə qarşı “H” ştammı ilə vaksinasiya tədbirləri davam etdirilir.
Qabaqlayıcı tədbirlər həm iri fermer, həm də fərdi təsərrüfatlarda aparılır. 2020-ci ilin tədbirlər planına əsasən ilin əvvəlindən indiyə kimi, yəni cari ilin 8 ay ərzində baytarlıq idarəsi və 18 sahə baytarlıq məntəqəsinin həkim və texnikləri tərəfindən rayonunda 39080 baş (o cümlədən 2950 baş cavanlarda) iribuynuzlu, 156325 baş xırdabuynuzlu, 1378 baş təkdırnaqlı heyvanda qarayara, 30 baş ana qoyunda, 5152 baş sahibli itdə və 3321 baş vəhşi heyvanda (oral yolla) quduzluq, 38357 baş iribuynuzlu və 122606 xırdabuynuzlu heyvan dabaq, 2190 baş iribuynuzlu heyvan leptospiroz, 139494 baş (o cümlədən 1000 baş cavanlarda) xırdabuynuzlu heyvanda çiçək, 38890 baş (o cümlədən 3897 baş cavanlarda) iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 16171 baş iribuynuzlu və 121257 baş xırdabuynuzlu heyvanda bruselyoz və 399497 baş 3 ayığa qədər körpə cücədə (“La-sota” ştammı ilə) və 392553 baş ev quşunda nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Həmçinin həssas heyvanlarda brusellyoz xəstəliyinin müəyyən etmək məqsədi ilə 128 baş iribuynuzlu heyvandan, 685 baş qoçdan qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Eləcə də 685 baş qoçun qanı epididimitə görə seroloji müayinə olunub. Aparılan müayinələr zamanı heyvanlar arasında xəstəlik müəyyən edilməyib.
Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri- dezinfeksiya, dezinseksiya və çimizdırmə işləri həyata keçirilir. Cari ilin 8 ayı ərzində Goranboy rayonunda baytarlıq mütəxəssisləri tərəfindən yoluxucu xəstəliklərə qarşı 146 obyektin 25182 kvadratmetr ərazisi profilaktik, 1964 obyektin 40470 kvadratmetr ərazisi məcburi dezinfeksiya və 120 obyektin 63500 kvadratmetr ərazisi isə dezinseksiya edilib. Eləcə də 397 baş iribuynuzlu heyvan və 8100 baş xırdabuynuzlu heyvan ektoparazitlərə qarşı baytar həkiminin nəzarəti altında xüsusi dezinfeksiyaedici məhlullarla çimizdirilib.
Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı informasiya verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Eləcə də tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmayır. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür.
Həmçinin heyvan sahiblərinə biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi, sərin və təmiz su ilə suvarılmasına diqqət göstərilməsi və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Hazırda isə Goranboy Rayon Baytarlıq İdarəsi qoyunçuluq və maldarlıq təsərrüfatlarının yaylaqdan qış yataqlarına köçürülməsinin və qışlama dövründə sağlamlıqlarının təmin edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilməsinin vacibliyini sahibkarların nəzərinə çatdırır. Bildirilir ki, heyvan saxlanılan qış yataqlarında mövcud olan tövlə, ferma ərazisi və ağılların mexaniki olaraq təmizlənməsi, müqavilə əsasında dezinfeksiya, dezinseksiya və digər baytarlıq-sanitariya tədbirlərinin aparılması, idarənin baytar həkimləri tərəfindən epizootik tədbirlər planına uyğun profilaktiki tədbirlərin aparılmasına şəraitin yaradılması, heyvanların qış yataqlarına yerləşdirilməsindən əvvəl qurd əleyhinə (dehelmintizasiya) tədbirləri aparılması, davarların qışdan sağlam və gümrah çıxarılması məqsədi ilə qış yatağı ətrafı örüş-otlaq sahələrinin mövcudluğunun təyin edilməsi, qoyunların və quzuların otarılması üçün yataq ətrafında xəsilliyin əkilməsinin təşkil olunması, eləcə də təsərrüfatda baytarlıq tədbirlərinin vaxtaşırı yerinə yetirilməsi üçün baytar həkim ilə əməkdaşlıq etmələri tövsiyə edilir.
Aparılan tədbirlərin nəticəsidir ki, rayonda epizootik sabitlik qorunub saxlanılıb, yəni rayonda istehsal olunan ət və süd məhsulları baytarlıq-sanitariya baxımından keyfiyyətli və insan qidası üçün yararlıdır. Çünki heyvanlar arasında hər hansı iti yoluxucu xəstəlik aşkar edilməyib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.