Donuzların klassik taun xəstəliyi və ona qarşı mübarizə tədbirləri
2024-03-14 00:00:00
Sürətlə yayılan virus mənşəli xəstəlikdir.
Xəstəliyin törədicisi:
- tövlələrdə 1 ilə qədər, dondurulmuş donuz ətində 4 ildən çox, soyudulmuş donuz ətində 45-71 gün, hisə verilmiş donuz məhsullarında 3 ay yoluxdurma xüsusiyyətini saxlayır;
- peyində və ölmüş donuz cəmdəyində 3-5 gündən, torpaqda isə 1-2 həftədən sonra məhv olur;
- qaynar suda ani olaraq məhv olur. 2%-li formalin, 3%-li xlorlu əhəng, 4%-li hidrogen peroksidlə dezinfeksiya xəstəlik törədicisi ilə mübarizədə effetktiv təsir göstərir.
Yayılması:
Virus zərərsizləşdirilməmiş yem və sallaqxana tullantıları, qeyri-sağlam ərazilərdən gətirilmiş yemlər, nəqliyyat, xəstəlik daşıyıcısı olan heyvanlar və ağcaqandlar vasitəsi ilə yayılır. Xəstəliyin təbii rezervuarı vəhşi donuzların yaşayış arealıdır.
Xəstəliyin gedişi:
sürətli forma – immunizasiya olunmamış sürüdə baş verir. İştah itir, qusma, susuzluq, təngnəfəslik yaranır, ürək döyüntüsü artır , dəridə al qırmızı ləkələrin yaranır, bədən temperaturu 41-42 dərəcə qalxır, heyvan 1-2 günə ölür;
iti forma - daimi davam edən 40.5 - 41 hərarət, yemdən imtina, halsızlıq, irinli konyuktivit, qusma, diareya ilə əvəzlənən qəbizlik, sidiyə getmənin çətinləşməsi, çətin hərəkət etmə, arxa ətrafın parezi, selikli - irinli rinit, burun axıntısı halları baş verir. Budun daxili səthində, qarında, qulaq seyvanında sarı ekssudatla dolu pustulalar, tünd qırmızı ləkəyə çevrilən nöqtəli qan sağıntıları yaranır, burunun, qulaq seyvanının, qarının, ətrafların dərisi göyərir. Ürək-qamar çatışmazlığı səbəbindən heyvan koma vəziyyətinə düşərək 7-10 günə ölür.
yarım iti forma - nəfəs alma çətinləşir, öskürək, burundan selikli irinli axıntı , pis iyli selik və ya qan qarışıq ishala çevrilən qəbizlik, arıqlama, çətin hərəkət etmə əlamətləri müşahidə edilir. Heyvan 10-20 günə ölür.
xroniki forma – arıqlama, periodik ishal, dəyişən qızdırma, öskürmə, qarının, qulaq seyvanının, quyruğun dərisində sonradan nekroza çevrilən çirkli rəngdə, qanayan qaşıntı müşahidə edilir. Xəstəlik 2 aya qədər sürür.
Profilaktika:
- Planlaşdırılmış peyvəndləmə aparılmalıdır;
- Təsərrüfata yalnız sağlam ərazilərdən heyvan gətirilməlidir;
- Yem bişirilən sahələr tövlələrdən izolyasiya edilməlidir;
- Donuzların yemlənməsində istifadə edilən qida və sallaqxana tullantıları termiki emal edilərək tam zərərsizləşdirilməlidir;
Mütəmadi dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparılmalıdır.
Xəstəliyin əlamətləri müşahidə edildikdə dərhal ərazi üzrə müvafiq baytarlıq orqanlarına məlumat verilməlidir. Baytarlıq mütəxəssislərinin iştirakı ilə karantin, müalicə - profilaktiki və xəstəliyin ləğvi üzrə tədbirlər hazırlanaraq həyata keçirilməlidir.