Heyvanlarda kəskin timpaniya-Fermerlerə tövsiyyə
2021-05-03 00:00:00
Ümumi məlumat: Kəskin timpaniya - işgənbədə qazların sürətlə əmələ gəlib heyvanın köpməsi ilə səciyyələnən xəstəlikdir.
Heyvanlar şehli otla yemləndikdə timpaniya daha tez əmələ gəlir. Yonca, qarayonca, çöl noxudu, xaşa, çuğundur və kələm yarpağı, kartof kökü və yarpağı, cecələr, dənli yemlər və s. tez qıcqıraraq, timpaniya törədir. Yuxarıda adları çəkilən otları göy halda, xüsusilə çiçəkləmə fazasında heyvana yedirtdikdə bu, xəstəliyin yaranmasına səbəb olur. Timpaniyanın əsas yaranma səbəblərindən biri də heyvanların qida rasionunun və masionunun balanslaşdırılmış şəkildə düzgün tərtib edilməməsidir. Həmçinin heyvanların şehli və ya təzə suvarılmış otlaqlara buraxılması, kiflənmiş, donmuş yemlərlə qidalandırma, idman atlarını yemlədikdən sonra fasilə vermədən idmana cəlb etmək kimi səbəblər bu xəstəliyin yaranmasına səbəb olur.
Qeyd etmək lazımdır ki, bitki zəhərlərinin mədə önlüklərinin yemləndirilməsi, əzələsində yaratdığı parez, yem borusunun tıxanması, bağırsaqların tutulması, kəskin davam edən qızdırmalı xəstəliklər zamanı da timpaniya əmələ gəlir.
Əlamətləri:
Narahatlıq;
sol aclıq çuxurunun və qısa müddət ərzində ümumi qarın nahiyəsinin şişməsi;
iştahanın pozulması;
gəyirmə və gövşəmənin dayanması;
parezin başlanması;
gücənmə;
tənəffüsün tezləşməsi (dəqiqədə 60-80);
görünən selikli qişaların göyərməsi;
gözlərin hədəqədən çıxması;
bədənin müxtəlif sahəsinin tərləməsi;
nəbzin tezləşməsi;
ürək vurğusunun sıçrayışlı xarakter alması;
heyvanın dilini çıxarıb ağzından nəfəs alması;
öskürməsi;
ağzından seliyin axması, bəzən isə qusması;
Xəstəlik ağırlaşdıqda heyvanda təngənəfəslik yaranır, düşkün dayanır, titrəyir və bəzən asfiksiyadan ölüm baş verir.
Profilaktikası:Heyvandarlıq işçiləri arasında baytarlıq sahəsindən maarifləndirmə işlərini gücləndirməklə, heyvanların yemləmə və bəslənmə qaydalarına ciddi riayət etmək lazımdır.Heyvanları quru yemdən sulu-şirəli yemlərə tədricən keçirmək, şehli sahələrə buraxmamaq.
Aqrar Xidmətlər Agentliyi fermer, təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların nəzərinə çatdırır ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edildikdə sahə baytarlıq məntəqəsinə və ya rayon (şəhər) baytarlıq idarəsinə müraciət etsinlər. Həmçinin bildirir ki, heyvanlarda bu xəstəliyə qarşı müalicə işlərini baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
QIZIL BALIQLARIN FURUNKULYOZU