Şəkidə fermerlərə səyyar xidmət göstərilməsinə başlanılıb
2021-10-27 00:00:00
EKTİS-də payızlıq əkinlərin bəyanı prosesi davam edir
Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb. Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməsi üzrə 4 səyyar qrup yaradılıb. Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
İlk aqrar səyyar xidmət Şəki rayonunun kəndlərində təşkil olunub. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. İndiyədək Səyyar Qruplar tərəfindən EKTİS-də qeydiyyatdan keçmiş 1500 fermerə səyyar aqrar xidmət göstərilib.
Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır.
Növbəti həftələrdə səyyar qrupların sayı artırılmaqla respublikanın digər regionlarında səyyar aqrar xidmət təşkil olunacaq