Toyuqların infeksion anemiyası-mütəxəssis tövsiyəsi
2022-02-09 00:00:00
Toyuqların infeksion anemiyası (“göy qanad”, dermatitə bənzər anemiya sindromu) – “Chicken infectious anaemia”- virus xəstəliyi olmaqla 1-8 günlük cücələrdə və 14-21 günlük broylerlərdə güclü depresiya, inkişafdan qalma, qanqrenozlu dermatit, qanadların daxili səthində hematomaların (“göyərmiş qanad”), fabrisius kisəsi və timusun atrofıyası və kəskin arıqlama əlamətləri ilə səciyyələnir.
Epizootologiyası. Quşçuluq təsərrüfatlarında virus quşlara yumurta vasitəsilə keçir. Xəstəlik ilk dəfə Yaponiyada 1979-cu ildə müəyyən edilmişdir. O, 6-8 ildən sonra ABŞ-a, İngiltərəyə, Almaniyaya, İsveçrəyə və digər ölkələrə yüksək məhsuldar quş kroslarının damazlıq yumurtaları ilə maneəsiz gətirilərək yayılmışdır. Anemiya xəstəliyi reoviruslar, Marek, Qamboro xəstəlikləri ilə qarışıq getdikdə onun daha ağır formada keçməsi müşahidə olunur.
Kliniki nişanələri. Xəstəlik təmiz keçdikdə xəstə cücələrdə güclü depressiya, iştahanın azalması, inkişafdan qalma, ishal və tez inkişaf edən arıqlama əlamətləri müşahidə olunur. Dəri və selikli təbəqələr solğun olur.
Çox vaxtı qanqrenozlu dermatit müşahidə edilir. Dəridə ocaq şəklində dermatit baş sahəsində (çənə altında), qanadlarda, döş qəfəsində, qarında, bud və dizdə inkişaf edir. Dərinin çatları sulanır, çox vaxtı qanlı-serozlu eksudat damcılayır. Zədələnmiş sahə sekundar mikroflara ilə çirkləndikdə dermatit inkişaf edir.
Xəstəlik immunitetin vəziyyətindən asılı olaraq zəif görünən əlamətlərlə, yaxud nişanəsiz keçir.
Patoloji-anatomiki dəyişiklikləri. Ölmüş cücələrdə şiddətli anemiya əlamətləri: pipiyin, dimdiyin, ayaqların dərisinin, ümumi dəri örtüyünün ağarması, döş, bud, diz və qanadların əzələsində və dərisi altında, bəzən mədənin selikli təbəqəsində qan sağıntıları müşahidə olunur. Cəsəd arıq olur. Fabrisius kisəsi və timusun atrofıyaya uğraması xəstəlik üçün səciyyəvidir. Bir qayda olaraq fabrisius kisəsinə fıbrin toplanır. Bəzən qaraciyər böyüyür, səthində nekroz düyünləri görünür. Böyrəklər və dalaq böyüyür. Sümük iliyinin rənginin dəyişməsi xüsusilə diqqəti cəlb edir. Belə ki, onun rəngi normadakı qırmızı-çəhrayıdan zəif sarı, yaxud tünd boz rəngə çevrilir.
Mübarizə tədbirləri və profilaktika. Xəstəlik törədicisi virusun təsərrüfata gətirilməsinə yol verməmək məqsədi ilə təşkilat-təsərrüfat, baytarlıq-sanitariya və profilaktika tədbirlərini həyata keçirmək lazımdır.
Törədicinin yumurta vasitəsilə nəslə keçməsini və cücələrin ilk günlərdə xəstəliyə həssas olmalarını nəzərə alaraq anac toyuqların infeksion anemiyaya qarşı peyvənd edilməsi lazımdır ki, çıxan cücələrdə anadan keçmə passiv immuniteti olsun. Belə cücələr 3 həftəlik yaşa qədər infeksion anemiya virusu ilə yoluxmadan qoruna bilirlər. Bu məqsəd ilə quru diri vaksindən istifadə edirlər. Onu inaktivasiya olunmuş vaksinlərlə bir vaxtda işlətmək də olar.
Xəstəlik baş verdikdə isə virusun yayılmasının qarşısını almaq üçün sanitariya və profilaktika tədbirləri görülməlidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) qeyd olunanları nəzərə alaraq bildirir ki, fermerlər təsərrüfatlarındakı quşlarda yuxarıda qeyd edilən kliniki əlamətləri müşahidə etdikdə mütləq heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinə müraciət etmələri tövsiyyə olunur
Xatırladırıq ki, toyuqların infeksion anemiyası xəstəliyinin müalicə-profilaktika işləri təsərrüfat sahibinin hesabına aparılır.
AXA fermerlərin bir daha nəzərinə çatdırır ki, quşları müxtəlif xəstəliklərdən qorumaq, məhsuldarlığın kəmiyyət və keyfiyyətini yüksəltmək üçün ilk növbədə düzgün yemləmə və saxlanma şəraitini təmin etməli və sanitariya-gigiyena tələblərini vaxtı-vaxtında həyata keçirməlidirlər. Həmçinin quşlarda xəstəliklərə qarşı aparılan müalicə və profilaktika işləri baytar həkiminin təyinatı və nəzarəti ilə aparılmalıdır.
Xəbərlər