Salyanda bruselyoz xəstəliyinin profilaktikası və mübarizə tədbirləri mövzusunda təlim keçirilib
2020-10-12 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Salyan rayonunun Noxudlu kəndində heyvandarlıqla məşğul olan fermerlərlə təsərrüfat şəraitində “İribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.
Aqrar Xidmətlər Agentliyinin Salyan Rayon Baytarlıq İdarəsinin rəisi Ramil Əmrahovun rəhbərliyi ilə baş tutan təlimdə iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyi barədə geniş məlumat verilib. İribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinin yaranma səbəbləri, yoluxma yolları, klinik əlamətləri, gedişi, profilaktikası və təsərrüfatlara vurduğu iqtisadi zərər (balasalma, qısırlıq və s.) haqqında danışılıb.
Qeyd olunub ki, bruselyoza yoluxmuş heyvanlar müalicə olunmur, çıxdaş olunaraq baytarlıq-sanitariya qaydalarına riayət etməklə kəsimə göndərilir. Eləcə də bildirilib ki, fermerlər bruselyoz xəstəliyindən qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidirlər.
Təlim çərçivəsində ölkəmizdə xəstəliyin profilaktikası üçün xüsusi Brudol-A Şt-19 tipli vaksindən istifadə edildiyi vurğulanıb.
Göz damcısı üsulu ilə həyata keçirilən bruselyoz xəstəliyi əleyhinə peyvəndləmə yalnız rayon baytarlıq idarəsinin baytar həkimləri tərəfindən aparılır.
Peyvənd olunmuş heyvanlarda dörd il müddətinə immunitet yaranır.
Təlimdə heyvan sağlamlığı, zoonoz xəstəliklər, onların yaranma səbəbləri və profilaktikası, eləcə də Aqrar Xidmətlər Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.
Tədbirdə fermerlərə peyvəndləmələrin vaxtında və keyfiyyətlə aparması üçün baytar həkimlərinə müvafiq şərait yaratmaları tövsiyə olunub.
Təlimin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.