Nazir Məcnun Məmmədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb
2024-01-25 00:00:00
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.
Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Görüşdə Azərbaycan ilə Belarus arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.
Nazir Məcnun Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərimizi “yaşıl enerji zonası” elan etdiyini və bu ərazilərin böyük aqrar potensiala malik olduğunu diqqətə çatdırıb. Görüşdə işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlığa hazır olduğu, bu sahədə Belarusun təcrübəsindən yararlanmağın mümkünlüyü qeyd olunub.
Tərəflər Belarus və Azərbaycanda hər il təşkil olunan “Belagro” və “Caspian Agro” sərgilərinin əhəmiyyətinə toxunub, bu sərgilərin aqrar sahədə fəaliyyət göstərən iş adamları və fermerlərin yeni məhsul və texnologiyalarla tanış olmasına şərait yaratdığını, beynəlxalq sərgilərdə qarşılıqlı fəal iştirakın iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı daha da gücləndirəcəyi vurğulanıb.
Görüş zamanı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Belarus İşçi Qrupunun fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.