Şabran rayonunda profilaktik tədbirlər davam etdirilir
2021-09-07 00:00:00
Ölkədə xüsusi karantin rejiminin həyata keçirildiyi indiki dövrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.
AXA bildirir ki, 2021-ci ilin yanvar ayından Şabran rayonu ərazisində saxlanılan heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Daha sonra iribuynuzlu heyvanlar arasında dabaq, nodulyar dermatit, bruselyoz, xırdabuynuzlu heyvanlar arasında dabaq, çiçək, it və vəhşi heyvanlar arasında quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilib. Tədbirlər Şabran rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən “Azərbaycan Respublikası üzrə 2021-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun həyata keçirilir.
Cari ilin 8 ayı ərzində Şabran rayonunu əhatə edən təsərrüfatlarda 20545 baş iribuynuzlu, 33741 baş xırdabuynuzlu və 605 baş təkdırnaqlı heyvanlarda qarayara, 21305 baş iribuynuzlu və 36391 baş xırdabuynuzlu heyvanlarda dabaq, 2914 baş iribuynuzlu və 6990 baş xırdabuynuzlu heyvanlarda bruselyoz, 37697 baş quşda (La-sota ştammı ilə) nyukasl, 30594 baş xırdabuynuzlu heyvanlarda çiçək, 5214 baş iribuynuzlu heyvanlarda leptospiroz və 30476 (o cümlədən 5790 baş cavanlarda) baş iribuynuzlu heyvanlarda nodulyar dermatit xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb. Eyni zamanda 335 baş təkdırnaqlı heyvanlarda manqoya və 3170 baş iribuynuzlu heyvanda vərəmə görə allergik müayinə həyata keçirilib. Eləcə də 55 baş iribuynuzlu heyvanlardan bruselyoza görə qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Həmçinin vəhşi heyvanlarda oral immunizasiya məqsədi ilə kəndətrafı meşə ərazilərinə və sahibsiz itlərin toplandığı yerlərə 1017 doza miqdarında tələ yemi qoyulub.
Cari ilin 8 ayı ərzində qan-parazitar xəstəliyi aşkar edilən 51 baş iribuynuzlu, 38 baş xırdabuynuzlu heyvanlarda baytar mütəxəssisləri tərəfindən müalicə tədbirləri həyata keçirilib və heyvanların sağlamlığı təmin edilib. Eləcə də 44 baş iribuynuzlu, 36 baş xırdabuynuzlu heyvanlarda və 4 baş atda yoluxmayan xəstəliklərə görə müalicə işləri aparılıb. Eyni zamanda rayonun baytar mütəxəssisləri tərəfindən 2348 baş iribuynuzlu və 2042 baş xırdabuynuzlu heyvanlarda helmintozlara qarşı işləmələr aparılaraq, 635 baş iribuynuzlu və 708 baş xırdabuynuzlu heyvanlarda profilaktik çimizdirmə işləri həyata keçirilib.
Müvafiq dövr ərzində Şabran rayonunda aparılan peyvəndləmə və müalicə tədbirləri ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya tədbirləri də həyata keçirilib. Rayonda baytar mütəxəssisləri tərəfindən 12662 kvadratmetr ərazidə profilaktik dezinfeksiya işləri aparılıb.
Hazırda Şabran rayonunda epizootik tədbirlər planına uyğun cavan iribuynuzlu heyvanlarda nodulyar dermatit və bruselyoz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır. Qarşıdakı aylarda isə iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri tərəfindən fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
AXA bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabitdir.