Yonca bitkisinin təhlükəli zərərvericisi olan fitonomusa qarşı mübarizə tədbirləri necə aparılmalıdır ?- Fermerlərə tövsiyə
2023-03-29 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün bölgələrində yonca sahələrinin əsas zərərvericisi olan fitonomusa (PHYTONOMUS VARİABİLİS) qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir. Belə ki, cari ilin yanvar ayından bugünədək 364 ha sahədə müşahidələr aparılmış, 303 ha sahədə sirayətlənmə aşkar edilmiş, 256 ha sahədə mübarizə (kimyəvi) tədbirləri həyata keçirilmişdir.
Məlumat üçün bildiririk ki, yetkin fitonomus 5-8 mm (xortumsuz) böyüklükdə olur. Böcəyin başı uzanaraq boru formasını xatırladır. Cavan böcəklərin rəngi sarımtıl-bozdur. Yaşlı böcəklərin üzəri boz tükcüklərlə örtülü olur. Böcəklərin üst tərəfindən uzununa doğru əvvəlcə enli, sonra isə birdən nazilən tünd-qəhvəyi rəngli zolaq gedir. Yumurtası 0,5-0,65 mm böyüklükdə, ellips şəklindədir, əvvəlcə sarı–kəhrəba rəngində olub, inkişaf etdikcə tədricən tutqunlaşır.
Sürfənin uzunluğu 10 mm olmaqla ayaqsızdır. Bədənin alt tərəfindən hər buğumda bir cüt iri şişkinlik vardır. Bunlar sürfənin hərəkət etməsinə, daha doğrusu, sürünməsinə kömək edir. Sürfənin rəngi yaşıldır, başı tünd-qonur, yaxud qara rənglidir.
Pupu böcəklərə xas olan açıq tiplidir və ipək sapdan toxunmuş barama içərisində yerləşir.
Azərbaycanda yonca bitkisi əkilən bütün rayonlarda fitonomus geniş yayılmaqla onun ən təhlükəli zərərvericisi hesab olunur.
Fitonomus əsasən yoncalıqda, şaxta tutmayan yerlərdə torpağın üst qatında və yaxud alaq otları altında qışlayır. Qışlama yerində temperatur 120C-dən yuxarı qalxdıqda böcəklər qış yuxusundan oyanır və aktiv şəkildə qidalanmağa başlayır.
Böcəklər yetkin dövründə xortumları ilə bitkilərin gövdələrini deşib, yumurtaqoyanı vasitəsilə ora yumurta qoyur. Hər bir deşikdə 15-25 yumurta olur. Bir dişi böcək ömrü boyu 2000-2500-ə qədər yumurta qoya bilir. Rüşeymin inkişafı dövrü 10-18 gündür. Yumurtadan çıxan sürfə gövdənin ucuna doğru sürünərək, cavan yarpaqların və təpə tumurcuqlarının arasına girib ( qapaqlı yaşayış dövrü ) onları gəmirir. Bitkilərin üzərində sürfələrin miqdarı çox olan zaman onların böyüməsi dayanır. Sürfələr tədricən böyüyüb,açıq-yaşayış dövrünə keçərək açılmış yarpaqlarla qidalanır. 15-28 gündən sonra sürfə bir neçə yarpağı bir- birilə birləşdirib, arasında tordan barama hörür və onun içərisində pup halına keçir. Pupun inkişafı 6-11 gün davam edir, onlardan çıxan cavan böcəklər bir müddət yonca bitkisi ilə qidalanır, yay istilərinin düşməsi ilə əlaqədar olaraq kölgə yerlərə (bağlara, kolluqlara, tökülmüş yarpaqların altına və. s ) girib yay yuxusuna gedir. Böcəklərin əksəriyyəti yonca tarlasından çoxda uzaqlaşmır. Havaların sərinləşməsi ilə əlaqədar olaraq böcəklər yay yuxusundan oyanır və payızda cinsi yetişkənliyə çataraq yumurta qoymağa başlayır.
Fitonomus sürfə mərhələsində daha çox zərər vurur. Sürfələr yoncadan başqa heç bir bitki ilə qidalanmır. Qidalanma nəticəsində yem məhsulu kəmiyyətcə azalır və onun keyfiyyəti xeyli pisləşir.
Mübarizə tədbirləri :
1.Yazda yoncalıqlar ağır malalarla malalanmalı;
2.İmkan daxilində yonca dibindən çalınmalı;
3.Toxum üçün 2-ci çalım yonca saxlanılmalıdır.
Kimyəvi mübarizədə: təsiredici maddəsi Zeta Sipermetrin (0,15 l/ha), Deltametrin (0.15-0.2l/ha), Sipermetrin (0,24 l/ha) preparatlarının birindən istifadə etməklə vegetasiya müddətində çiləmə aparılır.
Aqrar Xidmətlər Agentliyi fermerlərin nəzərinə çatdırır ki, yonca sahələrində bu zərərvericiyə rast gəldikdə Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına müraciət edə bilərlər.