İxrac olunan məhsullarda, istehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirlərinin həyata keçirilməsi əhəmiyyətlidir
2022-01-10 00:00:00
Fumiqasiya (karantin zərərsizləşdirmə) müxtəlif yoluxucu, həmçinin təhlükəli xəstəliklərin daşıyıcıları olan zərərverici həşəratların və digər zərərli orqanizmlərin məhv edilməsinə istiqamətlənmiş kompleks tədbirlərdir.
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən 2021-ci ildə fiziki və hüquqi şəxslərin müraciəti əsasında Respublika ərazisində 169203,85 m3 meşə materialı, 267169,9 ton dənli və dənli-paxlalı bitkilər, yemlər, texniki yüklər, 32715 m3 yaş meyvə-tərəvəz, 1566710 m3 istehsal və saxlanma yerləri, 1247700 m2 istixana zərərsizləşdirilib.
Keçirilən fumiqasiya (zərərsizləşdirmə) tədbirləri nəticəsində sahibkarlara məxsus istehsal və saxlanma yerlərində fitosanitar vəziyyət sabitləşmiş, idxal olunan məhsullarda zərərvericilərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısı alınıb.
Belə ki, ötən il ərzində zərərsizləşdirilərək ixrac olunan məhsullarda alıcı ölkələr tərəfindən heç bir zərərverici aşkar olunmayıb, bu da yerli məhsulların ixrac potensialının artmasına şərait yaradılıb.
Bildiririk ki, zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Mərkəzin fumiqasiya dəstələri tərəfindən sahibkarların müraciəti əsasında beynəlxalq standartların tələblərinə və mövcud təlimata uyğun olaraq operativ və keyfiyyətli fumiqasiya tədbirləri həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (Tel: 012-563-58-45 (daxili:126); 050-644-74-15; 070-965-62-14, (fumiqasiya@axa.gov.az) müraciət edə bilərlər.