Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə başlanılıb
2022-05-06 00:00:00
Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən müvafiq təlimatlar əsasında xüsusi təhlükəli zərərli orqanizmlərin populyasiyalarının aşkarlanmasına dair apardıqları fitosanitar müşahidələrin təhlili əsasında müxtəlif regionlar üzrə çəyirtkəkimilərə qarşı mübarizə işlərinin səmərəli təşkilini təmin etmək məqsədilə texniki hazırlıq işlərinə və qabaqlayıcı tədbirlərə başlanılıb. Zərərvericinin bioloji xüsusiyyətləri, həyat tərzi və populyasiyalarının sıxlığı nəzərə alınmaqla kimyəvi mübarizə işlərinə başlanılıb. Respublika üzrə bugünədək çəyirtkələrin sürfələrinə qarşı 23580 hektar sahədə müşahidə aparılıb, 6758 hektarda sirayətlənmə aşkarlanıb, 880 hektarda, o cümlədən Ağstafa rayonunda 660 hektarda, Tovuz rayonunda 220 hektarda mübarizə tədbirləri həyata keçirilib.
AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən xüsusi təhlükəli zərərli orqanizm olan çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə işlərinə cəlb olunan texnikalara və digər avadanlıqlara baxış keçirilib, tələbata uyğun pestisid ehtiyyatı yaradılıb, həmçinin mərkəzlərin əməkdaşları pestisidlərlə və texnika ilə iş zamanı texniki təhlükəsizlik qaydalarının tələblərinə uyğun təlimatlandırılıb. Çəyirtkəkimilərin ən çox müşahidə edildiyi ərazilərdə (Ceyrançöl, Haramı duzu, Qarasu, Padarçöl, Küdrü, Hergi düzü, Şirinqum, Lapatin və Acınohur) mübarizə tədbirlərinin səmərəli təşkili üçün texniki vasitələr və avadanlıqlar texniki cəhətdən hazır vəziyyətə gətirilib və mobil dəstələr üzrə qruplaşdırılıb. Müşahidə və mübarizə tədbirləri davam etdirilir.