Qərb çiçək tripsi və ona qarşı mübarizə tədbirləri
2022-10-03 00:00:00
Qərb çiçək tripsi zərərvericisinin vətəni Şimali Amerika (Kaliforniya) hesab olunur. İdxal olunan bitkilər vasitəsilə hazırda bütün dünyaya yayılmışdır. Bir çox ölkələrdə karantin tətbiq edilən zərərvericilər siyahısına daxildir. Ölkəmizdə məhdud dairədə yayıldığını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 iyun tarixli 230 nömrəli qərarı ilə Azərbaycan Respublikasında məhdud dairədə yayılmış karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına daxil edilmişdir.
Təsviri
Yetkin erkək fərd təxminən 1 mm, dişi fərd isə bir qədər böyük olmaqla təxminən 1,4 mm uzunluğundadır. Erkəklər adətən açıq-sarı rəngdə, dişilərin rəngi isə mövsümə görə qırmızımtıl-sarı, tünd qəhvəyiyə qədər dəyişir. Bədənləri nazik və uzunsov, iki cüt uzun qanadlıdır. Qanadların kənarları kirpiklərlə haşiyələnmişdir. Bığcıqları 8 seqmentlidir. Ağız aparatı bitkilərdə parazitlik edən həşəratlara xas olan gəmirici-sorucu tiplidir. Döş hissə 3, qarın hissə 11 seqmentdən ibarətdir. Üç cüt ayağa malikdir. Yumurtaları oval və ya böyrəkşəkilli, aşıq rəngli və uzunluğu təxminən 0,2 mm-dir.
Çoxalması və inkişafı
Qərb çiçək tripsi natamam metamarfozlu həşəratdır. İnkişafı beş mərhələdən (yumurta, sürfə, nimfa, pronimfa və imaqo) keçir. Cütləşmədən sonra dişilər bitkinin gövdə, çiçək və yarpaqlarına 100-ə qədər yumurta qoyurlar. Mayalanmamış yumurtadan da nəsil törəyə bilir. Bu halda yumurtadan çıxan bütün sürfələr erkək cinsə aid olurlar. Embrionun inkişafı +250C temperaturda 2-3 gün, +150C temperaturda isə 11 gün çəkir. Sürfələr öz inkişaflarının başlanğıcında şəffaf-ağımtıl rəngli olmaqla xaricən yetkin fərdə oxşayırlar. Sürfələr adətən qrup halında çıxırlar. Sürfələr iki yaş dövrü keçirirlər və bu dövrdə bitkinin üzərində yaşamaqla onun şirəsi ilə qidalanırlar. Temperaturdan asılı olaraq birinci yaş dövrü 1-5 gün, ikinci yaş dövrü isə 4-9 gün çəir. İkinci yaş dövrünün sonunda onlar torpağa enirlər və qidalanmanı dayandırıb inkişafının sonrakı iki pronimfa və nimfa mərhələsini (pup mərhələsini) torpaqda keçirirlər. 1-3 gündən sonra artıq çoxalmağa hazır imaqo görünməyə başlayır. Əlverişli şəraitdə zərərvericinin inkişaf dövrü 12-15 gün çəkir və temperaturdan asılı olaraq bu dövr 35 günə qədər uzana bilir. İl ərzində 12-15 nəsil verə bilirlər.
Yayılması və həyat tərzi
Tipik polifaqdır, 250-dən çox bitki ilə (meyvə, tərəvəz bitkiləri, güllər və s.) qidalanır. Gizli həyat tərzi keçirməsi aşkarlanmasını çətinləşdirir. İstiliksevən növ olaraq isti iqlimə malik bölgələrdə açıq şəratdə torpaqda qışlayır. İmaqo bitki qalıqlarının, sürfələr isə torpaq altında qışlayırlar. Soyuq dövrlərdə istixanalarda qalmağa üstünlük verirlər. Yayılması əsasən tərəvəz və gül ştillərinin, meyvə və dekorativ bitkilərin idxalı və daşınması ilə baş verir. İstixanalara qonşu sahələrdən uçub gəlməklə yaxud insan paltarında gəlməklə yayıla bilərlər. Dişilər yumurtalarını bitkilərin toxumasına qoyduğundan vizual olaraq onları müəyyən etmək mümkün deyildir. Yayda zərərverici istixananı tərk edərək ətrafa yayılır.
Zərəri
Qərb çiçək tripsi bitkinin şirəsini soraraq toxuma və hüceyrələri zədələyir. Yoluxmuş bitki böyümə və inkişafdan geri qalır, yarpaq və çiçəkləri tökülür, meyvələri deformasiyaya uğrayır, məhsuldarlıq aşağı düşür. Bitkinin zərərverici ilə yoluxmasının əsas əlaməti yaşıl yarpaqların üzərində açıq sarı rəngli nekrotik ləkələrin və zərəvericinin ekskrementindən ibarət qara nöqtələrin müşahidə edilməsidir. Zərərverici ciddi virus xəstəliyi sayılan pomidorun ləkəli solğunluq virusunun (TSWV) əsas vektorudur (daşıyıcısıdır) ki, bu xəstəliyin sahədə yayılması əhəmiyyətli dərəcədə (50-90%) məhsul itkisinə səbəb ola bilər.
Mübarizə tədbirləri
Karantin tətbiq edilən zərərli orqanizm olduğundan fitosanitar karantin tədbirlərinə riayət olunmalı, fitosanitar sertifikatı olmayan tinglərin, ştillərin və digər bitki məhsullarının idxalı və ixracı qadağan olunmalıdır.
Mexaniki mübarizə və profilaktika məqsədilə bitkilər üzərində davamlı müşahidələr aparılmalı, yoluxmuş bitkilər dərhal məhv edilməli, istixana şəraitində qapı və pəncərərlərə xüsusi torlar vurulmalı, torpaq, alətlər və qablar dezinfeksiya olunmalı, bitki qalıqları çıxarılaraq kənarda məhv edilməli və sahə ətrafındakı alaqlar təmizlənməlidir. Zərərvericinin hələ aşkar edilmədiyi təsərrüfatlarda feromon tələlərin asılması (100 m2 üçün 1 tələ) yayılmanın ilkin mərhələlərini müəyyən etməyə imkan verir. Tələlərdə erkək fərdlərin üstünlük təşkil etməsi zərərvericinin sıxlığının aşağı səviyyədə olduğunu göstərir. Bu dövrdə çoxalmanın baş verməsinin qarşısını almaq hələ də mümkündür. Dişi fərdlərin üstünlük təşkil etməsi yayılmanın başladığını və təcili məhvetmə tədbirlərinin görülməsi zərurətindən xəbər verir. İstixanada temperatur və rütubətlə manipulyasiya etməklə zərərvericinin sıxlığını müəyyən dərəcədə azaltmaq olar. Temperaturun 24 saat ərzində 40°C və yuxarı artması, rütubəti azaltmaqla yanaşı, istixananı zərərvericilərdən təmizləməyə kömək edir.
Bioloji mübarizə olaraq hazırda tripslərin təbii düşməni olan Orius cinsinin yırtıcı böcəkləri, həmçinin Amblyseius və ya Neoseiulus cinsinin yırtıcı gənələrindən istifadə olunur. Bu yırtıcıların tətbiqi tripsin kütləvi çoxalmasının qarşısını tam ala bilməsədə kimyəvi mübarizənin miqyasını əhəmiyyətli dərəcədə azaltmış olur. Nəzərə almaq lazımdır ki bu yırtıcılar yalnız kiçik yaşlı sürfələrlə qidalanırlar. Həmçinin, Avertin və Aversektin tərkibli biopestisidlərdən istifadə yüksək səmərə verir.
Aqrotexniki mübarizə tədbiri kimi, məhsul yığıldıqdan sonra sahə şumlanmalı və ya bellənməli, növbəli əkin sisteminə əməl olunmalı, yüksək sirayətlənmə müşahidə edilən sahələrin dincə qoyulması təmin edilməli, davamlı bitki növ və sortlarından istifadə olunmalıdır.
Kimyəvi mübarizə zamanı təsiredici maddəsi Thiamethoxam (250 q/l) olan prepartaların biri ilə istixana şəraitində bitkilərin boyundan asılı olaraq 0,4 və ya 0,8 l/ha məsarif norması nəzərə alınmaqla 1000-2000 l işçi məhlul hazırlanaraq damçı üsulu ilə bitkilərin suvarılması və ya gövdəətrafı torpağın çilənməsi, eyni qayda ilə İmidacloprid (700 q/l) tərkibli preparatların biri ilə 0,4 l/ha normasında suvarma və ya çiləmənin aparılması, həmçinin açıq sahələrdə təsiredici maddəsi Malathion (570 q/l) olan preparatların biri ilə 0,4-0,8 l/ha məsarif normasında (işçi məhlul 200-400 l/ha) çiləmənin aparılması yaxşı səmərə verir. Qərb çiçək tripsinin pestisidlərə qarşı yüksək müqavimət qabiliyyətinin olmasını nəzərə alaraq, həmçinin yumurtadan çıxmış zərərvericilərdən xilas olmaq və təkrar yumurta qoyulmasının qarşısını almaq üçün ən azı 3 dəfə dərmanlama işləri aparılmalıdır. 21-230C temperaturda dərmanlamalar arasındakı interval 7-10 gün, daha yüksək temperaturda isə 5-7 gün olmalıdır. Həmçinin rezistentliyin qarşısının alınması üçün preparatlar vaxtaşırı dəyişdirilməli və ya müxtəlif kombinasiyalardan istifadə olunmalıdır.
Biologya elmləri üzrə fəlsəfə doktoru
Şükür Əhmədov