Xaçmazın heyvandarlıq təsərrüfatlarında epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
2021-07-07 00:00:00
Ölkədə epizootik durum sabitdir. Bu sabitliyi qoruyub saxlamaq məqsədi ilə Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən cari ilin ilk günlərindən başlayaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə start verilib. Tədbirlər “Soyuq zəncir” rejiminə riayət olunmaqla aparılır.
AXA bildirir ki, cari ilin 6 ayı ərzində Xaçmaz rayonunda mal-qara saxlanılan yerlərdə dezinfeksiya tədbirləri diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 7314 kvadratmetr ərazidə dezinfeksiya işləri həyata keçirilib.
Cari ilin 6 ayı ərzində Xaçmaz rayonunu əhatə edən təsərrüfatlarda 34250 baş iribuynuzlu, 36749 baş xırdabuynuzlu və 2248 baş təkdırnaqlı heyvanlarda, 150 baş donuzlarda qarayara, 39959 baş iribuynuzlu və 36063 baş xırdabuynuzlu heyvanlarda dabaq, 34684 baş xırdabuynuzlu heyvanlarda çiçək, 3879 baş iribuynuzlu və 4417 baş xırdabuynuzlu heyvanlarda bruselyoz, 150 baş donuzlarda taun, 4896 baş itlərdə quduzluq, 39349 (o cümlədən 2080 baş iribuynuzlu cavanlarda) baş iribuynuzlu heyvanlarda nodulyar dermatit, 3098 baş iribuynuzlu və 1884 baş xırdabuynuzlu heyvanlarda leptespiroz xəstəliklərinə qarşı profilaktik peyvənd aparılıb. Həmçinin vəhşi heyvanlarda oral immunizasiya məqsədi ilə kəndətrafı meşə ərazilərinə və sahibsiz itlərin toplandığı yerlərə 2000 doza miqdarında tələ yemi qoyulub.
İdarənin mütəxəssisləri müayinə tədbirlərini də diqqətdə saxlayıblar Belə ki, cari ilin 6 ayı ərzində 304 baş təkdırnaqlı heyvanlarda manqoya, 6226 baş iribuynuzlu heyvanlarda vərəmə görə diaqnostik müayinə həyata keçirilib. Eləcə də 79 baş ev quşundan “quş qripi”nə və 475 baş iribuynuzlu heyvanlardan bruselyoza görə qan nümunələri götürülərək müvafiq laboratoriyalara göndərilib. Eyni zamanda rayonun baytar mütəxəssisləri tərəfindən 200 baş ev quşundan askardioza, 200 baş iribuynuzlu və 20 baş xırdabuynuzlu heyvandan diktikolyoza, 200 baş iribuynuzlu və 200 baş xırdabuynuzlu heyvanlardan fassilyoza, 100 baş xırdabuynuzlu heyvanlardan monezioza və tizaniezioza görə götürülən kal nümunələrində koproloji müayinələr aparılaraq müvafiq müalicə işləri həyata keçiriblər.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında maariflənmə işləri həyata keçirirlər.
Hazırda Xaçmaz rayonunda iri və xırdabuynuzlu heyvanların epizootik tədbirlər planında nəzərdə tutulan işlər davam etdirilir.
Xəbərlər