Yaş meyvə-tərəvəzin və isitxanaların zərərsizləşdiriləsi tədbirləri həyata keçirilir
2020-11-12 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən ötən ildən başlayaraq yaş meyvə-tərəvəzlərdə və istixanalarda fumiqasiya tədbirləri həyata keçirilir. Tədbir çərçivəsində respublikada ilk dəfə yaş meyvə-tərəvəzin fumiqasiyasında istifadə olunan “ECO2FUME” fumiqantının tətbiq edilib. Belə ki, indiyədək 10 min tondan artıq yaş meyvə-tərəvəzdə, 875 min kvadratmetr istixanalarda fumiqasiya tədbirləri həyata keçirilib.
Bildirilir ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir.
Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Yaş meyvə-tərəvəzin fumiqasiyasının əhəmiyyəti:
Məhsulun keyfiyyətinə və görünüşünə heç bir təsir göstərmir;
Zərərvericiləri bütün bioloji inkişaf mərhələlərində məhv edir;
Heç bir çöküntü buraxmır;
İxrac olunan məhsulları zərərli orqanizmalardan tam azad edir (tuta absoluta və s.);
Heç bir qalıq buraxmadığı üçün fumiqant qalığından təmizləməyə ehtiyac yoxdur;
Fitotoksik deyil, ekologiyaya və ozon təbəqəsinə zərər vermir;
Aşağı dozalarda və temperaturlarda təsir edir;
24 saat ekspozisiyalı yeganə fosfin fumiqantıdır.
Qeyd edək ki, fumiqasiya tədbirləri sahibkarların müraciəti əsasında həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (Tel: 012-562-85-34(daxili:152); 050-644-74-15; 070-965-62-14, (fumiqasiya@axa.gov.az) müraciət edə bilərlər.